18 metrlik körpünü sel apardı – Sakinlər çətin vəziyyətdə

18 metrlik körpünü sel apardı – Sakinlər çətin vəziyyətdə

Lənkəranda körpünün dağılması kənd sakinlərini çətin vəziyyətə salıb.

TEMPİNFO xəbər verir ki, son yağan intensiv yağışda Lənkəran rayonunun ucqar dağ kəndi olan Daştatükdə Bəşəru çayı üzərində salınan 18 metr uzunluqda körpünü sel suları dağıdıb.

Nəticədə kəndin bir hissəsi, eləcə də Rezvan, Aşağı Apo və Mollakeş kəndləri yolun o tayında qalıblar. Sakinlərin bu taya gediş – gəlişləri üçün çətinliklər yaranıb. Onlar deyir ki, əgər körpü qısa müddətdə bərpa olunmasa, sentyabr ayında acınacaqlı vəziyyət yaranacaq. Çünki payız ayında Bəşəru çayında su çoxalacaq və o tayda yaşayan 60 – a yaxın şagird bu taya keçib məktəbə gedə bilməyəcək.

Bundan başqa kəndin məscidi, qəbiristanlığı o tayda qalıb, məktəb, mağaza isə bu tayda. Sakinlər gündəlik tələbat mallarını almaq üçün hər gün daşlar üzərindən çayı keçməyə məcbur olurlar. Kənddə xəstə və ya bədbəxt bir hadisə olanda sakinlər yolsuzluğa görə daha çox əziyyət çəkirlər.

Xanbulan kənd bələdiyyəsinin sədri Kazım Məmmədov APA-ya bildirib ki, adı çəkilən körpü 2014-cü ildə əhalinin istifadəsinə verilib: “Bu il iyun ayının 26 – da intensiv yağışdan sonra çaya sel gəldi və gecə saatlarında körpünü dağıtdı. Həmin günü aidiyyəti üzrə rayon icra hakimiyyəti məlumatlandırıldı və kəndə nümayəndələr gəldi. İlkin olaraq ağır texnikalar vasitəsilə maşınların çayın içindən keçmələri üçün şərait yaradıldı. Hazırda aidiyyəti təşkilatlardan müsbət cavab gəlib və sentyabr ayına kimi körpünün bərpasını gözləyirik”.

Qeyd edək ki, 350 təsərrüfatı, 1500 – ə yaxın əhalisi olan Daştatük kəndində körpünün dağılmasından sonra 100 – dən çox təsərrüfat, təqribən 500 – ə yaxın sakin yolun o tərəfində qalıb.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37