Pula görə satıcını öldürdü – BAKIDA DƏHŞƏTLİ CİNAYƏT
- HADİSƏSON XƏBƏR
- 18.07.2024 16:57
CİNAYƏT İŞİ
Qısa arayış
2023-cü il avqustun 22-də Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsindən Nərimanov rayon prokurorluğuna 1993-cü il təvəllüdlü Samir Məhərrəmovun 5 saylı Şəhər Klinik Xəstəxanasında ölməsi haqda məlumat verilib.
“Baxış” protokolundan belə məlum olub ki, hadisə paytaxtın Rövşən Əliyev küçəsi, 4 ünvanında yerləşən marketin qarşında baş verib.
Dərhal Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Samir Məhərrəmovun ölümünə — sol ağciyərin zədələnməsi nəticəsində baş vermiş kəskin qanitirmə səbəb olub.
İsti izlərlə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Qazax rayon sakini, 1985-ci il təvəlüdlü Fariz Şahniyarov tutulub.
İfadəsinin yerində yoxlanılması istintaq eksperimenti zamanı Fariz Şahniyarov törətdini əməlini etiraf edib. Hadisədən sonra o, bıçağı Elçin İsaq-zadə küçəsi, 9-da yerləşən obyektin damına tulladığını bildirib. Baxış keçirilərkən, ordan bir ədəd bıçaq aşkar olunaraq, götürülüb.
Lent.az məlum cinayət işinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, avqustun 22-i səhər saat 4 radələrində Fariz Şahniyarov Rövşən Əliyev küçəsi, 4 ünvanında yerləşən marketdən aldığı spirtli içkiləri oranın qarşısında içib. Satıcı Samir Məhərrəmov borclu qaldığı 2 manatı nə vaxt verəcəyini soruşanda, ona pulu günorta çatdıracağını deyib və işlədiyi avtoyuma məntəqəsinə gedib. Üzərində olan mobil telefonu itirdiyini düşünən Fariz Şahniyarov bir neçə dəqiqədən sonra yenidən marketə qayıdıb. Telefonunu görüb-görmədiyini soruşduqda, satıcı ona borcunu ödədikdən sonra, telefonu verəcəyini bildirib. Samir Məhərrəmovun cavabından hiddətlənən Fariz Şahniyarov onu cəzalandırmaq məqsədi ilə məişət təyinatlı bıçaqla satıcının döş qəfəsinə bir dəfə zərbə endirib. Bu hərəkəti ilə o, zərərçəkmişi qəsdən həyatdan məhrum edib.
Məhkəmə iclasında Fariz Şahniyarov ittiham üzrə özünü qismən təqsirli bilib. Onun sözlərinə görə, avqustun 16-dan Rövşən Əliyev küçəsi, 1 ünvanında yerləşən avtoyuma məntəqəsində işləməyə başlayıb. İş qurtarandan sonra, saat 22-də məntəqəni bağlayıb. Gündəlik 20-30 manat pul qazanıb. Ayın 21-də axşam obyekti bağlayandan sonra, yolun sol tərəfində yerləşən kafedə oturub yemək yeyərkən 300 qram araq içib. Gecə saat 1 radələrində ordan çıxıb, yaxınlıqda yerləşən 24 saat işləyən marketə gedib. Aldığı yarımlitrlik arağı, mağazanın qarşısında olan stulda əyləşərək içib. Satıcıdan borcu olub-olmamasını soruşub. Satıcı borclu qaldığı 2 manatı tələb etdikdə, yaxınlıqda avtoyuma məntəqəsində işlədiyini və pulu günorta ona çatdıracağını deyib. Satıcının sözlərinə fikir verməyərək, 500 metr kənarda yerləşən məntəqəyə gedib. Telefonunu axtarsa da, tapa bilməyib. Onun marketin qarşısında qaldığını fikirləşib, geri qayıdıb. Soyuducuların yanında iş görən satıcıdan onun telefonunu görüb-görmədiyini soruşanda, həmin şəxs ona “borcunu çatdıranda, telefonunu apararsan” deyib. Bu sözündən əsəbləşərək, şalvarının sağ cibindən bıçağı çıxarıb və onunla üzbə-üz dayanan satıcıya zərbə endirib. Sonra ordan uzaqlaşaraq, məntəqəyə gəlib və paltarlarını götürüb. Bıçağı birmərtəbəli obyektin damına atıb. Avtobusla Avtovağzala, oradan isə Ağstafa rayonuna yollanıb. Günorta rayona çatıb. Bir neçə saatdan sonra evdə polis əməkdaşları tərəfindən saxlanılıb.
Zərərçəkmiş şəxsin hüquqi varisi Cavid Məhərrəmov bildirib ki, qardaşı Samir Ağcabədi rayonun Kəhriz kəndində yaşayıb. Təxminən 5 ay əvvəl Bakıya gedib, «Ulduz» metrostansiyasının yaxınlığında yerləşən marketidə satıcı işləyib. Avqustun 22-i səhər saat 8 radələrində əmisi zəng edərək, Samirin naməlum şəxs tərəfindən bıçaqlandığını və öldüyünü xəbər verib. Həmin gün qardaşını Ağcabədi rayonunda, kənd qəbristanlığında dəfn ediblər. Samiri qətlə yetirən Fariz Şahniyarovu heç vaxt görməyib.
Şahid Ülfət Məmmədov bildirib ki, rayondan Bakıya gələrək, Şamil adlı dostu ilə taksi fəaliyyəti ilə məşğul olub. Kirayə ev axtarsalar da tapa bilməyiblər. Avqustun 22-də «Ulduz» metrosunun yaxınlığında yerləşən marketin qarşısında maşını saxlayaraq, yatıblar. Saat 06 radələrində mağazanın satıcısı Samir Məhərrəmov avtomobilin şüşəsini döyərək, bıçaqlandığını və onu xəstəxanaya aparmasını xahiş edib. Samir maşına oturan kimi, qısa müddət ərzində salon qanla dolub. Yaralanan şəxsi bir neçə özəl klinikaya aparsa da, onu qəbul etməyiblər. 5 saylı xəstəxanaya çatanda, həkimlər Samirin öldüyünü bildiriblər.
Son sözündə Fariz Şahniyarov qeyd edib ki, Samir Məhərrəmovu xuliqanlıq niyyəti ilə öldürməyib. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ömürlük cəza təyin edilməsini xahiş edib.
Məhkəmə hesab edib ki, Fariz Şahniyarovun CM-nin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilib. Ona qanunla müəyyən edilmiş qaydada həmin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli Cəzaçəkmə Müəssisəində çəkməklə Fariz Şahniyarov 17 il müddətinə azadlıqdan məhrum olunub.