43 il əvvəl rekord qıran “Əsrin toyu”… – FOTOLAR
- DÜNYASON XƏBƏR
- 19.07.2024 22:45
Onların səs-küylü, nağıl kimi toyu boşanma ilə nəticələndi…
“Qafqazinfo” “Daily Mail” nəşrinə istinadən Diana və Şahzadə Çarlzın (Britaniya kralı III Çarlz) “Əsrin toyu” adlanan evliliyi ilə bağlı xatirələri təqdim edir:
20 yaşlı Diana 29 iyul 1981-ci ildə Müqəddəs Paul Katedralında 3500 qonağın qarşısında 32 yaşlı Şahzadə Çarlzla evlənib. Dəbdəbəli mərasim daha böyük tutumuna görə Vestminster Abbeydə deyil, Paul Katedralında keçirilib. “Əsrin toyu” kimi qəbul edilən məclisi izləmək üçün 750 milyon insan televiziya qarşısına keçib.
Toy qonaqların sayı, libasların hazırlanması cəhətdən o illərdə rekord qırmışdı. Nəşr xatırladır ki, Diana yazıçı Endryu Mortona bunları demişdi: “Xatırlayıram ki, ərimə o qədər aşiq olmuşdum ki, gözümü ondan çəkə bilmirdim. Sadəcə olaraq dünyanın ən şanslı qızı olduğumu düşünürdüm”. Çarlz və Diana toydan beş ay əvvəl, 24 fevral 1981-ci ildə eksklüziv müsahibə verərək nişanlandıqlarını elan etmişdilər.
Toydan bir neçə ay əvvəl Bukingem Sarayı əvvəllər Diana ilə işləmiş Elizabet və Devid Emanuelə gəlinlik paltarını hazırlamağı tapşırıb. Diananın gəlinlik paltarı kral ailəsi tarixinin ən uzun gəlinliyi idi.
21 iyun 1982-ci ildə Diana Şahzadə Uilyamı, 1984-cü ilin sentyabrında isə Şahzadə Harrini dünyaya gətirib.
Lakin Harrinin dünyaya gəlişindən çox keçmədən onların nikahında problemlər olması barədə şayiələr yayılmağa başladı. Nəhayət, onlar boşandıqdan 2 il sonra Çarlz milli televiziyada xəyanətini etiraf edib, eyni gecədə Diana “Qisas paltarı” adlanan libasını geyinib.
1996-cı ilin avqustunda onların boşanma prosesi yekunlaşıb. Diana 31 avqust 1997-ci ildə 36 yaşında ikən Parisdə avtomobil qəzasında həlak olub. Qəza onun yol yoldaşı Dodi Fayed və sürücü Henri Paulun da ölümünə səbəb olur. Onilliklər ərzində Diananın sui-qəsd nəticəsində öldürüldüyü bildirilsə də, ilkin tədqiqatları qəzanın Henri Paulun içkili olması və idarəetməni itirməsi səbəbindən baş verdiyi ilə nəticələnir.