8 qollu gecənin vəd etdiyi ümidlər – TƏHLİL

8 qollu gecənin vəd etdiyi ümidlər – TƏHLİL

Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları başa çatıb. Azərbaycanın üç klubu iki qələbə qazanıb, bir məğlubiyyət alıb və vurduğu 8 qolun qarşılığında cəmi 2 top buraxıb.

İdman.biz 8 qollu cümə axşamının 8 maraqlı məqamını təqdim edir.

Tilsimlər qırıldı
Günə Səbuhi Abdullazadənin qolu ilə start verilib. “Sumqayıt”ın “Fehervar”la matçında hesabı açan futbolçu komandasının tarixinə ilk avrokubok topunun müəllifi kimi düşüb. Sumqayıtın eyniadlı klubu əvvəlki üç matçda qola həsrət qalmışdı. Ümumiyyətlə, Sumqayıtda oynayan Azərbaycan klubları avrokubokda qol vurmamışdı. Səbuhi təkcə komandasının deyil, həm də şəhərin tilsimini qırıb.

Bir gündə iki yubiley
Səbuhinin qolu Azərbaycan klublarının Konfrans Liqasında 50-ci topu kimi də tarixə düşüb. Cari mövsümədək komandalarımız 40 görüşdə 49 dəfə fərqlənmişdi. Dünənki üç görüşdən sonra bu rəqəmlər 43 qarşılaşmada 57 qola çatıb. “Zirə”nin “Dunayska Streda”ya vurduğu üçüncü qol da yubiley xarakteri daşıyıb. Davit Volkov qəsəbə klubunun Avropadakı 10-cu topunun müəllifi olub. Bakılılar 9-cu görüşdə bu rəqəmi 11-ə də çatdırmağı bacarıb.

Səfərdə yenilməz, evdə bənzər məğlubiyyətlər
Cari mövsümdə 6 avrokubok matçı keçirən Azərbaycan klubları artıq 4 qələbə qazanıb. Üç səfər oyununun hamısında qalib gələn komandalarımız yalnız evdə büdrəyib. “Zirə”nin “Şerif”lə görüşündə olduğu kimi, “Sumqayıt” da “Fehervar”a eyni ssenari ilə uduzub. Hər iki görüşdə hesabı açan təmsilçimiz artıq ilk 45 dəqiqədə azlıqda qalıb. Say üstünlüyü qazanan qonaqlar hər iki qarşılaşmada iki qol vurmaqla əzmkar qələbəyə sevinə bilib. Eyni hesabla alınan bənzər məğlubiyyətlərdəki qırmızılar da eyni dərəcədə şübhəli alınıb. Öncə Salifu Suma, bu dəfə Murad Xaçayev komandasını azlıqda qoyub.

Rekord
Artıq dörd qələbəsi olan klublarımızın ən böyük uğuru elə 4 top fərqi ilə olub. “Zirə” “Dunayska Streda”nı Bakıda darmadağın edib. Bu, klublarımız üçün mövsümün ən böyük qələbəsidir. Rəşad Sadıqovun yetirmələri həm də klub tarixində rekord vurub. Bu, bakılıların Avropada ilk böyükhesablı uğurudur.

İlk
“Zirə” kimi “Sabah” da rekorda imza atıb. Krunoslav Renduliçin yetirmələri klub tarixində ilk dəfə avrokubok görüşündə böyük hesabla qalib gəlib. Hayfa “Makkabi”sinin qonağı olan bakılılar Macarıstandakı görüşdə 3 cavabsız qola sevinib. Paytaxt təmsilçisi həm də ilk dəfə ikidən çox qol vurmağı bacarıb.

Bombardir
Avrokubok mövsümündə Azərbaycan klublarının yeni bombardiri Davit Volkovdur. “Zirə”yə qayıdan gürcüstanlı hücumçu Avropa Liqasında bir, Konfrans Liqasında 2 dəfə fərqlənib. 3 qolu olan legioner həm də mövsümdə ilk dublun müəllifi olub. O, “Dunayska Streda” ilə qarşılaşmada üç dəqiqəyə 2 dəfə fərqlənib. “Zirə” tarixinin ən məhsuldar oyunçusu artıq qol sayını da 25-ə çatdırıb.

Üçü pley-offda?
Çempionlar Liqasında oynayan “Qarabağ”ın Cəbəllütariqdə “Linkoln”un qapısından iki top keçirdikdən sonra mərhələni keçmiş sayıla bilər. Qurban Qurbanovun yetirmələri bu komandanı keçsə, ən azı Konfrans Liqasının qrupunda yerini təmin edəcək. Ağdamlıların üç turnirdən birinin pley-offunda oynayacağı isə ilk mərhələdən azad olunmaqla dəqiqləşib. Bu dəfə “Qarabağ”ın pley-offdakı yeganə təmsilçimiz olmayacağını proqnozlaşdırmaq olar. “Zirə” və “Sabah”ın mərhələ keçməməsi artıq möcüzə sayılar. Samir Abasovun komandasının Macarıstanda hər şeyi dəyişməsi də istisna deyil. Daha şanslı olan “Sabah”ın III təsnifat mərhələsində “Sent Patriks” (İrlandiya) – “Vaduts”a (Lixtenşteyn), “Zirə”nin “Osiyek” (Xorvatiya) – “Levadiya”ya (Estoniya) cütünün qalibi ilə görüşəcəyini nəzərə alsaq, hər iki təmsilçimizin yaxşı pley-off şansları var. “Sumqayıt” isə bunun üçün əvvəl Macarıstanda sevinməli, ardınca “Omoniya” (Kipr) -“Torpedo”ya (Gürcüstan) cütünün güclüsünü yolundan kənarlaşdırmalıdır.

“Çelsi” və finalçı gözləyir
Konfrans Liqasındakı təmsilçilərimiz pley-offa adlasa, burada heç də asan olmayacaq. “Sabah”la “Zirə” burada səpələnməmişlər sırasında yer alacaq. Digər səbətdə əvvəlki raundların reytinqli qalibləri, Avropa Liqasından gələcək komandalarla yanaşı, birbaşa pley-offdan yarışa qatılacaq nəhənglər də var. “Çelsi”, ötən mövsümün finalçısı “Fiorentina”, “Betis”, “Lans”, “Haydenhaym” “Böyük beşlik” liqalarının təmsilçilərdidir.

Qeyd edək ki, “Zirə” “Dunayska Streda”nı 4:0, “Sabah” Hayfa “Makkabi”sini 3:0 hesabı ilə məğlub edib, “Sumqayıt” “Fehervar”a uduzub – 1:2.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37