İranın Pezeşkian dövrü – Təbriz, Çin, Rusiya faktoru – TƏHLİL

İranın Pezeşkian dövrü – Təbriz, Çin, Rusiya faktoru – TƏHLİL

İranın yeni seçilmiş azərbaycan əsilli prezidenti Məsud Pezeşkian siyasi baxışlarına görə, ölkəsindəki islahatçılar blokuna daxildir. Onun xüsusilə, seçki ərəfəsində məcburi baş örtüsu və internetə tətbiq olunan məhdudiyyətlərə qarşı səsləndirdiyi fikrlər İranın orta təbəqəsini və gəncləri bir xeyli ümidləndirdi. Eyni zamanda, Pezeşkian vurğulayır ki, Yeni Dünya nizamının formalaşdığı bir zamanda İran Avropa və Amerika ilə ikili münasibətlərə yeni baxış sərgiləməlidir. İlkin olaraq, İrana tətbiq edilən ağır beynəlxalq sanksiyaların azaldılması üçün 2015-ci il Nüvə danışıqlarının bərpa edilməsi və xarici siyasətdə müəyyən yumşalmalara gedilməsinin vacibliyi vurğulanır. Bu vədlərin nə dərəcədə həyat keçirilməsindən asılı olmayaraq, yeni prezident artıq öz siyasi kursunun hansı istiqamətdə inkişaf edəcəyinin müəyyən elementlərini göstərmiş oldu. Lakin bir faktı unutmaq olmaz ki, İranda Ali lider xarici siyasət və təhlükəsizlik məsələlərində əsas söz sahibidir. Bu da onu deməyə əsas verir ki, əsas strateji qərarların verilməsində Prezidentin siyasi iradəsi yetərli olmayacaq, çünki yuxarıda qeyd elədiyimiz kimi, paralel idarəetmə sistemində prosedur qaydaları elə qrulub ki, Ali liderin iradəsi ziddinə hər hansı bir məsələnin qəbulu mümkün deyil.

İranın daxilində labüd əsaslı dəyişikliklər…


Ümumiyyətlə, bu seçkinin yaratdığı ümumi mənzərədən çıxış edərək bəzi proqnozları rahatlıqla ifadə edə bilərik. 1979-ci il İran İslam İnqilabından sonra seçkiyə qatılanların ən aşağı seçki fəallığı olduğu bir seçki həyat keçirildi, bəzi dairələr bunu Ali rəhbərə qarşı xalqın etirazı kimi qiymətləndirir və onların hər hansısa bir dəyişikliyə ümidlərinin olmadığı üçün seçkiyə getmədikləri kimi fikirlər səsləndirilir. Məsələyə bu konteksdən yanaşdıqda, gözləmək olar ki, azadlıqlarla bağlı xalqa qarşı müəyyən yumşalmalara getmək üçün Pezeşkiana müvafiq güzəştlər olunacaq. Bu, həm də İran cəmiyyətində yeni prezidentin öz seçki vədlərini yerinə yetirir fikrini formalaşdırmaq məqsədi daşıya bilər. Pezeşkiana bu fürsət  verilərsə, eyni zamanda onun xarici siyasətdə manevrlərinə imkan yarada bilər.

İqtisadiyyat, maliyyə, sosial vəziyyətlə bağlı məsələlər daha çox sanksiyaların yumşaldılmasından aslıdır. Əsas dəyişiklik azərbaycalılara münasibətdə özünü büruzə verə bilər, belə ki, Pezeşkian etnik azərbaycanlı olması ilə fəxr edir, özünün və uşaqlarının Azərbaycan dilində də danışdığını açıq vurğulayır. Beləliklə, Ali rəhbərdən sonra ölkədə ikinci şəxs sayılan Prezidentin bu səpkidə cəsarətli addımlar atacağını proqnozlaşdırmaq olar. İrandakı etnik azərbaycanlılara qarşı xoşməramlı gedişlər Ali dini rəhbərə siyasi dividentlər gətirə bilər. Çünki İranı rahatsız edən elə azırbaycanlılar faktorudur. Görünən odur ki, İran dərin dövləti yeni prezident faktoru ilə azərbaycanlıların timsalında ölkədə artan təzyiqi, ürək döyüntüsünü tənzimləmək istəyir. Anoloji misal da göstərmək olar, İngilərədə milliyyətcə hindistanlının London meri, yaxud baş nazir olması siyasəti dəyişə bilməz.

Bir faktı qeyd eləmək lazımdır ki, İranda birləşdirici fakt, əsas ideologiya dinin üzərində qurulub: dini ideologiya etnik qrupları birləşdirən əsas faktordur. Hətta Pezeşkian da Şiə məzhəbinin sərhədləri daxilində reformist sayılır. Odur ki, burada “islahatçı” sözünə xüsusi rakursdan yanaşmaq lazımdır.

Xarici əlaqələrin inkişaf perspektivləri…


İranın xarici siyasətinin inkişaf perspektivi daha çox Amerikadakı seçkilərdən asılı olacaq. Donald Tramp prezident seçilərsə, çox güman ki, nələrinsə dəyişəcəyini söyləmək çətin görünür. Lakin demokratlardan kiminsə prezident seçilməsi (Co Bayden namizəd olmaya da bilər) xari siyasət kursunda Pezeşkianın da fəallıq nümayiş etdirməsi ilə müəyyən irəliləyişlərə nail olmaq olar.

Pezeşkian İsrailə qarşı “müqavimət hərakatı”na dəstəklərini davam etdirəcəklərini bildirdi, xüsusilə İsralin Livana hər hansı bir hücumu olarsa, qarşılıq verəcəklərini ifadə etdi. Bu da onu göstərir ki, İranın “proxsi qüvvələr”lə bağlı düşüncələrində bir dəyişiklik olmayacaq. Nəzərə almaq lazımdır ki, İran bu qüvvələr vasitəsi ilə regionda təsir imkanlarını və çəkindirmə gücünü qoruyub saxlayır. Pezeşkianın isə bu məsələlərə müdaxilə etmək imkanları sıfıra bərabərdir.
Səudiyyə Ərəbistanı ilə münasibətlərə gəlincə, bilindiyi kimi, geosiyasi məsələlərdə (hər iki ölkə regionda dini hegemonluğa iddialıdır) fikir ayrılıqları mövcuddur. Doğrudur, iki ölkə uzun zamandan sonra Çinin vasitəçiliyi ilə bir masa arxasında əyləşib əməkdaşlıq məsələləri müzakirə edib. Pezeşkian da bu siyasi xəttin davam etdirilməsində maraqlı olacaq. Rusiya ilə də münasibətlər də əməkdaşlıq qorunub saxlanılacaq, bir məsələni xüsusi olaraq qeyd eləmək lazımdır ki, Şanxay Əməkdaşlıq Təşkilatına və “BRİCS”ə İranın daxil olması Rusiyanın diktəsi ilə baş tutub. Başqa məsələ ki, hələ də iqtisadi olaraq bu üzvlükdən geridönüşlər ürəkaçan vəziyyətdə deyil.

İran-Azərbaycan münasibətləri

İkinci Qarabağ müharbəsindən sonra Azərbaycan qonşu İranla sərhədlərini tam şəkildə bərpa etdi, bundan sonra Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaranmağa başladı. Yaranmış yeni geosiyasi reallıqlara İranın siyasi adaptasiyası elə də uzun çəkmədi. Belə ki, İrandakı siyasi dairələr də artıq Azərbaycanın geostrateji əhəmiyyətini və onun Cənubi Qafqazda əsas söz sahibi olduğu reallığını qəbul edir. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, regionda Azərbayan tərəfindən həyata keçirilən meqalayihələrin qonşu ölkələrlə əməkdaşlıq çərçivəsində reallaşması mümkündür. Xüsusilə, Azərbaycanın Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizində rolunu və eyni zamanda İranın da Avropa ilə Asiyanı birləşdirən dəhlizdə yerləşməsini nəzarə alsaq, birgə səylər nəticəsində tranzit imkanlardan səmərəli istifadə etmək olar. Prezident İlham Əliyevin də qeyd elədiyi kimi, “İran-Azərbaycan əlqalərindəki sabitlik regionun inkişafı üçün çox önəmlidir”.

Pezeşkianın keçdiyi həyat yoluna diqqət stsək, onun bu səpkidə Azərbaycanla əlaqələrin inkişaf etdirilməsində maraqlı olacağı gözləniləndir. İyulun 9-da Prezident İlham Əliyevin Pezeşkiana zəng edib onu Azərbaycana dəvət etməsi, eyni zamanda, Pezeşkianın İlham Əliyevi İran İslam Respublikasına rəsmi səfərə dəvət etməsi bir daha onu göstərik ki, qarşılıqlı olaraq münasibətlər xoş məcrada davam edəcək.

İran və Azərbaycanın əsas həmfikir olduğu məsələlərdən biri də regiona aidiyyəti olmayan aktorların müdaxilə məsələsidir. Xüsusilə, Ermənistanın hər vəchlə Fransanı proselərə qoşmaq cəhdi, Avropa İttifaqının mülki monitorinq missiyasının regiona gətirilməsi, ABŞ ilə hərbi təlimlər regionun maraqlarına qarşıdır. Doğrudur, buradakı amillər Azərbaycanı İran qədər təhdid etmir. Azərbaycanın balanslaşdırılmış xarici siyasəti bir çox məqamda təhlükəsizliyimizə təminat verir. Ancaq Fransanın hazırkı siyasəti sırf düşmənçilik üstündə qurulduğundan (burada erməni diasporu, özəl maraqlar, Fransanın Türkiyəyə əbədi düşmənçilik siyasəti və s. kimi faktorlar da var) müəyyən təhlükələrin aldığını deyə bilərik. Bu durum İranı Azərbaycanla məcburi də olsa, dostluğa sövq edir. Ümid edək ki, Pezeşkian bu məcburi dostluğu işıqlı masaya çıxaracaq. Azərbaycan çoxdan bəyan edib ki, onun maraqlarına zidd getməyən qonşularla hər zaman isti münasibətin tərəfdarıdır. (Modern.az)

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37