Bahalığı bu dövlət qurumları yaradır – “Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyəti yarıtmazdır”

Bahalığı bu dövlət qurumları yaradır – “Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyəti yarıtmazdır”

“Kənd təsərrüfatı məhsullarının qiymətlərinin yüksək olması, şəhərdə isə daha baha olması, fermerin isə yetişdirdiyi məhsulu ucuz satması çox ciddi problemdir. Bütün bunlar Kənd Təsərrüfatı Nazirliyinin yarıtmaz fəaliyyətinin nəticəsidir”. 

Bu sözləri “Yeni Sabah”a açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Şahin Nəcəfov bildirib. Ekspert qiymətlərin baha olmasına belə rəy verib:

“Əhalinin 42  faizi kənd təsərrüfatı ilə məşğul olsa da, bu nazirliyin heç bir səlahiyyəti yoxdur və aktiv şəkildə fəaliyyət göstərə bilmir. Bu qurumun əlindən subsidiyaların verilməsindən başqa heç bir iş gəlmir. Bütün səlahiyyətlər həmin nazirliyin əlindən alınıb. Çıxışlarımızda dəfələrlə bildirmişik ki, Qida Agentliyi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti Kənd Təsərrüfatı Nazirliyinə qaytarılmalıdır. Həmçinin, Aqrar Təsisat İdarəsi də birbaşa sözügedən quruma tabe olmalıdır. Bu işlərin qaydasına düşməsi üçün səmt bazarları, yarmakalar aktiv formada işləməlidir. Kəndçi yazda əkinçi, qışda dilənçidir. Əkdiyini pula çevirə bilmir. Hazırda kənd təsərrüfatında hər şey od qiymətinədir. Qida Agentliyi özünü yadelli işğalçı kimi aparır. Ümumiyyətlə, qurumlara cərimə səlahiyyəti verilən kimi camaatın canına düşürlər. Maarifləndirmə, təbliğat kimi tədbirlərdən isə söhbət getmir. İş adamlarının fəaliyyətini asanlaşdırmaq üçün addımlar atılmır. Ancaq düşmən mövqeyindən çıxış edirlər”.

Ş.Nəcəfov qeyd edib ki, sadalanan səbəblərdən dolayı, hazırda kənd təsərrüfatı məhsulları hədsiz dərəcədə baha qiymətə satışa çıxarılır:

“Fermer bu məhsulları maya dəyərindən də ucuz satır. Bazarların əlçatan olmaması, marketlərdə məhsulların yüksək qiymətə alıcıya təqdim edilməsinə rəvac verir. Aqrar Təsisat İdarəsinin yaradılmasında məqsəd kəndlərdən məhsul alaraq, onu ya soyuducu depoda saxlayıb, ya da bazar və yarmarkalara çıxışını təmin etməkdir. Çox təəssüf ki, bu reallaşmadı. Əslində, qurumun saytı aktiv formada fəaliyyət göstərməli, kəndli məhsulunu sayta yerləşdirməlidir ki, alıcılar görüb tələbata uyğun sifariş versin, qiymətlər və standart müəyyənləşsin. Lakin deyilənlərin heç biri yoxdur. Kəndli dövlətin himayəsindən məhrum edilir.

Hər il xarici ölkələrdən idxal olunan meyvə-tərəvəzlərin sayında artım müşahidə olunur. Yerli məhsullarla özümüzü təmin etmə gücümüz getdikcə azalmağa davam edir. Kəndli məhsulunu hansı qiymətə satarsa, ucuz hesab edir, şəhərdəki alıcı da həmçinin, neçəyə alsa, deyir ki, bahadır. Məsələnin tənzimlənməsi üçün əlaqələr təmin olunmalıdır”.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37