Şiddətli töhmət alan Baba Rzayev – Onu da Pirverdiyevin aqibəti GÖZLƏYİR? – DOSYE

Şiddətli töhmət alan Baba Rzayev – Onu da Pirverdiyevin aqibəti GÖZLƏYİR? – DOSYE

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) prezidenti Balababa Rzayevə (yeri gəlmişkən, ictimaiyyətə Baba Rzayev kimi tanınır-red.) şiddətli töhmət elan edilib.

Baş nazir Əli Əsədovun imzaladığı sərəncama əsasən, Balababa Rzayev 2024-cü il üzrə təsdiq edilmiş yanacaq-enerji balansında qazdan istifadənin istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etdiyinə görə cəzalandırılıb.

Sözügedən sərəncam Nazirlər Kabinetinin rəsmi saytında dərc olunub.

TEMPİNFO Modern.az-a istinadən xəbər verir ki, Balababa Rzayev kimi yüksək vəzifəli şəxslə bağlı bu xəbər ictimaiyyətdə geniş müzakirələrə səbəb olub.

Çünki ilk dəfədir ki, Azərbaycanda yüksək vəzifəli şəxsə elan edilən bu cür cəza ictimaiyyətə açıqlanır. İndiyə kimi, Nazirlər Kabinetinin belə sərəncamları olubsa da, mətbuata və ya ictimaiyyətə elan edilməyib, gizlin saxlanılıb. Amma bu dəfə yüksək çinli məmurla bağlı bir ilk olub.

Ekspertlər iddia edirlər ki, buna Balababa Rzayevin “qələminin qırılması” da demək olar.

Yeri gəlmişkən, bu, “Azərenerji” ASC rəhbərliyinin ilk “ÇP”si deyil. Bundan əvvəlki rəhbərlik işdə yol verdiyi ciddi nöqsanlara görə vəzifəsindən azad olunmuşdu.

Belə ki, 2018-ci il iyulun 3-də Mingəçevir şəhərindəki “Azərbaycan İstilik Elektrik Stansiyası”nda baş vermiş qəza ölkəni əməlli-başlı silkələmişdi. Qəza nəticəsində Azərbaycanın enerji sistemində ciddi problemlər yaşanmış, Bakı və Gəncə də daxil olmaqla 39 şəhər və rayonunun elektrik enerjisi kəsilmiş, dövlətə və əhaliyə böyük ziyan dəymişdi.
İki gün davam edən enerji böhranından sonra Prezident İlham Əliyev iyulun 4-də keçirdiyi müşavirədə “Azərenerji”nin o vaxtkı prezidenti Etibar Pirverdiyevi danlamışdı.


Həmin vaxt Azərbaycanı zülmətə qərq edən qəzanın səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədilə Baş nazirin 1-ci müavini Yaqub Eyyubovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılmışdı. Dövlət Komissiyası qəzanın baş vermə səbəblərini araşdırandan sonra müvafiq rəy hazırlayaraq Azərbaycan Prezidentinə təqdim etmişdi.

Prezident İlham Əliyev Dövlət Komissiyasının yekun rəyi ilə tanış olandan sonra – 4 sentyabr 2018-ci il tarixində işdə yol verdiyi nöqsanlara görə “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevi tutduğu vəzifədən azad etmişdi.

Balababa Rzayev elə həmin gün “Azərenerji” ASC-nin prezidenti təyin edilmişdi.

Cənab Rzayev artıq 6 ildir ki, “Azərenerji”yə rəhbərlik edir. Ekspertlərin fikrincə, Baş nazirin elan etdiyi şoddətli töhmət Balababa Rzayevin vəzifə karyerasının sonu ola bilər. Onun yaxın zamanlarda “Azərenerji”nin rəhbərliyindən uzaqlaşdırılmasının mümkünlüyü istisna olunmur.

Maraqlıdır, Balababa Rzayevə birbaşa şiddətli töhmət verilib, yoxsa o, bundan əvvəl töhmət alıb? Axı qüvvədə olan Əmək Məcəlləsinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, əvvəlcə ona töhmət, sonra sonuncu xəbərdarlıqla şiddətli töhmət verilir.

Qeyd edək ki, Əmək Məcəlləsinin in 186-cı maddəsinə əsasən, əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri aşağıdakı kimidir:

a) töhmət;
b) sonuncu xəbərdarlıqla şiddətli töhmət;
c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə;
ç) əmək müqaviləsini Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək.

Ekspertlər deyirlər ki, törədilən xətanın dərəcəsinə uyğun olaraq, nəiniki birbaşa şiddətli töhmət vermək olar, hətta işdən çıxarılma da həyata keçirilə bilər.

Deməli, Balababa müəllimin başının üstünü alan “qara buludlar” onun vəzifə karyerasını sonlandıra da bilər.

Bəs “Azərenerji” adı hazırda ictimai müzakirələrdə hallanan rəhbəri kimdir?

Onun dosyesini təqdim edirik:


Rzayev Balababa Hüseynağa oğlu 10 iyun 1957-ci ildə Bakı şəhəri Xəzər rayonunun Zirə qəsəbəsində anadan olub.

1964-1974-cü illərdə Bakı şəhəri 168 №-li orta məktəbi bitirərək 1974-cü ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Energetika fakültəsinə qəbul olunub. 1979-cu ildə bu institutu bitirərək elektrik şəbəkə və sistemləri üzrə mühəndis-elektrik ixtisasına yiyələnib.

4 sentyabr 1979-cu ildən Melorasiya və Su Təsərrüfatı Nazirliyinin Abşeron Mexaniki Suvarma  İdarəsinə mühəndis-elektrik vəzifəsinə təyin edilib. 17 dekabr 1979-cu ildən “Azərsənayeelektrikquraşdırma” Trestinin 1 №-li Bakı Elektrik Quraşdırma İdarəsində mühəndis-elektrik, usta (10.1980-02.1981), iş icraçısı (02.1981-04.1985), sahə rəisi (02.1985-07.1986), baş mühəndis (07.1986-04.1988), idarə rəisi (04.1988-05.1998) vəzifələrində işləyib. 1998-ci ildə bu müəssisə Səhmdar Cəmiyyətə – “Bakıelektro” ATSC-yə çevrildikdən sonra 10 avqust 2006-cı il tarixinədək İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

10 avqust 2006-cı il tarixdə “Bakıelektrikşəbəkə” ASC İdarə Heyəti sədri vəzifəsinə təyin olunub.

10 fevral 2015-ci il tarixində “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyinat alıb.

10 avqust 2016-cı ildə ona “Əməkdar mühəndis” adı verilib.

9 iyun 2017-ci il tarixli sərəncamla ölkənin energetika sisteminin təkmilləşdirilməsində səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” orden ilə təltif olunub.

2018-ci ilin 4 sentyabr tarixində Azərbaycan Prezidentinin sərəncamı ilə B.Rzayev “Azərenerji” ASC-nin prezidenti təyin edilib.

Аiləlidir, iki övladı – bir qızı, bir oğlu var.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37