Ermənistan 102-ci hərbi bazanı BAĞLAYIR?

Ermənistan 102-ci hərbi bazanı BAĞLAYIR?

Rusiya sərhədçiləri Ermənistan-İran sərhədinin buraxılış məntəqəsində xidmətini dayandıracaq. Bu barədə razılıq Moskvada Ermənistan Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüşdə əldə olunub.

Qeyd olunub ki, sərhəddə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin hərbçiləri dayanacaq. Razılığa əsasən, Ermənistan-Türkiyə sərhədində isə Rusiya ilə yanaşı Ermənistan sərhədçiləri də dayanacaq. Rusiya sərhədçiləri bu ilin iyul ayında İrəvanın Zvartnots Beynəlxalq Hava Limanından çıxarılıb.

Bir çox ekspertlər növbəti mərhələdə Ermənistandakı Rusiyaya məxsus 102-ci hərbi bazanın da çıxarılacağını düşünür.

TEMPİNFO xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, ABŞ və Fransadan Ermənistana Rusiyanı ərazisindən çıxarmaq üçün təzyiqlər göstərir:

“Hazırda Ermənistan ABŞ və Fransanın təzyiqləri altındadır. Təzyiqlərin əsas elementlərindən biri də Rusiyanın Ermənistan ərazisində hərbi mövcudiyyətini məhdudlaşdırmaqdan ibarətdir. Bundan qabaq Ermənistan Rusiya hərbçilərini Zvarnots hava limanından çıxarmışdı. İranla Ermənistanın sərhədi kifayət qədər kiçik miqyasa malikdir. Ona görə də İran sərhədinin Ermənistan tərəfindən təhvil alınması ciddi problemlər vəd etmir. Lakin Ermənistanla Türkiyə sərhədlərinin miqyası dəfələrlə böyükdür. Bu sərhədləri Ermənistan öz resursları hesabına qorumaq imkanına malik deyil. Digər tərəfdən Rusiya ilə Türkiyə arasında keçmiş SSRİ vaxtında delimitasiya olunduğuna görə burada rusların olması ermənilər üçün problemlər yaratmır. Lakin rusların Türkiyə ilə sərhədindən çıxmasından sonra Ankara Ermənistandan həmin sərhədlərin delimitasiyasını tələb edə bilər”.

Hərbi ekspert vurğulayıb ki, Rusiya ordusunun Ermənistandan çıxarılması elə də asan olmayacaq:

“Nəticə etibarilə, proseslər onu göstərir ki, Ermənistan əlindəki bütün imkanlarından istifadə edərək Rusiya ordusunu ərazisindəki mövcudluğunu məhdudlaşdırmaq üçün əlindən gələni edir. Lakin yaxın prespektivdə Rusiya ordusunun Ermənistandan çıxarılması gözlənilmir. Digər tərəfdən Rusiya Ordusunun Ermənistanda mövcud olması ilə bağlı saziş mövcuddur və sazişin başa çatma müddəti 2044-cü ildədir. Rusiyanın Ermənistandan çıxartmaq elə də asan olmayacaq. Digər yandan Ermənistanda bir çox qüvvələr hələ də Rusiyanı prioritet tərəfdaş hesab edir. Belə olan halda Paşinyan üçün rusları öz ərazisindən çıxarmaq elə də asan bir proses olmayacaq”.

Qeyd edək ki, Ermənistanda yerləşən 102-ci Rusiya hərbi bazası 1995 -ci ildə yaradılıb və bu günə qədər fəaliyyət göstərir. Baza Rusiya Federasiyasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının tərkibindəki Cənub Hərbi Dairəsinə tabedir. Təxminən 5 min nəfərə yaxın şəxsi heyətə malikdir. Ermənistanın İrəvan və Gümrü şəhərlərində (İrəvandan 126 km şimalda) dislokasiya olunur.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37