Sənan Hacıyev: “Məişət zorakılığı ilə mübarizədə hakimlərin və vəkillərin üzərinə böyük məsuliyyət düşür”

Sənan Hacıyev: “Məişət zorakılığı ilə mübarizədə hakimlərin və vəkillərin üzərinə böyük məsuliyyət düşür”

“Məişət zorakılığı ilə mübarizə sahəsində tədbirlərin regionlarda icrası problemi mövcud olmaqda davam edir”.

TEMPİNFO xəbər verir ki, bunu Ali Məhkəmənin Mülki kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Sənan Hacıyev deyib.

Onun sözlərinə görə, bu problemin qarşısının alınmasında yerli icra hakimiyyəti orqanlarının tərkibində fəaliyyət göstərən qəyyumluq və himayəçilik komissiyalarının fəaliyyətinin təkmilləşdirilməli, bu qurumlar daxili işlər orqanlarının əməkdaşları, xüsusən, sahə müvəkkilləri ilə əməkdaşlıq etməli, hər bir zorakılıq hallarına xüsusi diqqət göstərərək bu faktlara Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin diqqətini çəkməlidir.

S.Hacıyev bildirib ki, ölkə ərazisində məişət zorakılığı ilə bağlı cinayət nəticəsində zərərçəkmiş şəxslərin sayı baxımından Bakı şəhəri üzrə göstərici 605 nəfər olub: “Bunun ən böyük payı isə Sabunçu rayonuna düşüb ki, burada məişət zorakılığından zərər görmüş şəxslərin sayı 168 nəfər zərərçəkmiş olub. Bu da ölkə üzrə ən neqativ göstəricidir. Bakı şəhərinin digər inzibati ərazi vahidlərində, məsələn, Səbail rayonunda isə cari ildə məişət zorakılığı ilə bağlı cinayət nəticəsində zərərçəkmiş şəxslərin sayı 14 nəfər olub. Belə olan halda, məişət zorakılığı hallarının bu ərazi vahidlərində baş verməsi hallarının kəskin fərqi dərindən araşdırılmalı və problemli vəziyyətin olduğu regionlara diqqət artırılmalıdır”.

Kollegiya sədri qeyd edib ki, ötən ilin statistik məlumatlarına əsasən il ərzində birinci instansiya məhkəmələrinin icraatına uzun müddətli mühafizə orderlərinin verilməsi barədə 22 ərizə daxil olub: “Onlardan 12 ərizə təmin edilərək uzun müddətli mühafizə orderlərinin verilməsi barədə qətnamə qəbul edilib. Nəzərə alınmalıdır ki, məişət zorakılığı latent şəkildə baş verən hadisə olduğundan, bu rəqəmlər real vəziyyəti əks etdirə bilmir. Ona görə də mülki icraatda ailə mübahisələrinin baxılması, uzun müddətli mühafizə orderlərinin verilməsi, inzibati və cinayət məsuliyyəti tədbirlərinin görülməsi zamanı məişət zorakılığı ilə mübarizədə hakimlərin və bu şəxslərin hüquqlarını dövlət hesabına müdafiə edən vəkillərin üzərinə böyük məsuliyyət düşür”.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37