Aİ-92 markalı benzinin sərfiyyatı niyə artıb? – AÇIQLAMA

Aİ-92 markalı benzinin sərfiyyatı niyə artıb? – AÇIQLAMA

Aİ-92 markalı benzinin sərfiyyatının artması sürücülərin narazılığına səbəb olub. Kondinsionerlərin işləməsi səbəbindən avtomobillərdə benzin sərfiyyatı onsuz da yay ayları boyunca artır, lakin sürücülər iddia edirlər ki, ötən yayla müqayisədə bu yay benzin sərfiyyatı daha yüksəkdir.

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov pravda.az-a açıqlamasında deyib ki, bu məsələyə cavabdeh tərəf SOCAR-dır.

“Bu işlə SOCAR məşğul olur. İstehsal etdiyi məhsulun keyfiyyət göstəricilərini şirkət özü araşdırmalıdır. Bəli, sərfiyyatın yüksək olması mümkündür. Niyə də mümkün olmasın? Çünki bundan bir müddət əvvəl sosial şəbəkələrdə benzinin keyfiyyəti ilə bağlı məlumat paylaşıldı. SOCAR bununla bağlı açıqlama verdi. Bu, subyektiv məsələdir, insan faktorundan da irəli gələ bilər. Məsələn, yanacaqdoldurma məntəqələrindən əvvəlki qaydada, eyni məbləğdə, 20 litr benzin vurulurdusa, 2 saat ərzində bitirdisə, indi həmin yanacaq 20 litrlik deyil, daha az, 18 litr civarında olur. Belə olanda, təbii ki, benzinin istifadə müddəti də aşağı düşür. Lakin biz bunu keyfiyyətlə əsaslandırırıq. İlluziya formasında. Bu kimi amillərlə insan aldana bilər. Digər tərəfdən yüklənmələr də ola bilər. Nə qədər yüklənmə olsa belə, sərfiyyat avtomobilin texniki parametrlərindən də asılıdır. Düşünmürəm ki, Aİ-92 sərfiyyatında avtomobilin texniki parametrləri o qədər nəzərə çarpsın. Avtomobil öz yerində qalır, dəyişən yanacaqdır…”, – ekpert bildirib.

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37