Ailədaxili MÜNASİBƏT – Qadın ərinin ayağını YUMALIDIRMI?

Ailədaxili MÜNASİBƏT – Qadın ərinin ayağını YUMALIDIRMI?

Ailədə qadın-kişi münasibətlərinin hansı formada tənzimlənməsi məsələsi tez-tez gündəmə gələn məsələlərdəndir. Belə ki, bir çoxları qadınların öz həyat yoldaşına qulluq etməsini normal qarşılasa da, digər əksəriyyət bunun əksini düşünür və hesab edir ki, əgər kişi sağlamdırsa, özü özünə də baxa bilər.

Elə bu günlərdə müğənni Ofeliya Şabanovanın efirdə səsləndirdiyi fikirlər də yenidən bu məsələni gündəmə gətirib. Müğənninin sözlərinə görə, kişinin ayağını yumaq qadının vəzifəsidir. Sosial şəbəkələrdə bir çoxları müğənninin haqlı olduğunu bildirsələr də, böyük əksəriyyət onu qınaq atəşinə tutub.

Xatırladaq ki, bundan əvvəl “Təsir dairəsi” verilişində aparıcı Lalə Azərtaş da buna bənzər açıqlama vermişdi. Boşananlar barədə danışan aparıcı ailələrin dağılmasının qəti əleyhinə olduğunu vurğulayaraq “Qadınsan, ailən varsa, kişinin ayağını da yuyacaqsan, hələ nənə-babalarımız demiş, ayağının kirini, suyunu da içəcəksən”, demişdi.

Bəs doğurdan da ailədə qadın-kişi münasibətləri necə tənzimlənməlidir?

Psixoloq Əfsanə Rüstəmova Bizim.Media-ya bildirib ki, psixologiyada özünürealizə deyilən bir anlayış var və bu, insanın həyatda özünü hansısa formada tapması deməkdir:

“Mənim boyum, çəkim, danışığım, təhsilim, yəni “mən” deyəndə içinə nə daxildirsə, bunu hansı cəmiyyətdə necə formada təqdim eləsəm qəbul olunaram? Bunun fonunda insanların özünü realizəsi yaranmağa başlayır. Biz hansı insanlara ki, qınaq obyekti kimi baxırıq, çox güman onların özlərinə müşahidəsi zəifdir. Çünki onlar özlərini fərqli aspektdən müşahidə etsələr, özünürealizənin yüzlərlə formasının da olduğunu kəşf edə bilərlər.

Bu, ərə qulluğun ifrat formasıdır

Sözügedən videonu mən də gördüm. Xanım orda deyir ki, “arvad necə olmalıdır ki?” Bu sual elə özlüyündə bir cavabdır. Yəni onun yetişdiyi mühitdə qadının özünürealizəsi arvad olmaq, ərinə qulluq etməkdir. Bu, ərinə qulluğun da ifrat formasıdır. Yəni heç kim “ərə qulluq etmək olmaz” və ya “uşaqları özbaşına buraxmaq lazımdır” demir. Xanımın dediyi sözlər ona görə diqqət çəkir ki, normanın üstündədir. Məsələn, gündə 3 dəfə diş yumaq normadır, amma kimsə bunu 13 dəfə edirsə, bu, normanın üstü deməkdir.

Normanın üstü həmişə diqqət çəkir

Ümumiyyətlə, bir nəfər üçün gündə 2 dəfə diş yumaq normadırsa, o, kiməsə demir ki, “mən bu gün 2 dəfə dişlərimi yudum, özümü əla hiss edirəm”. Çünki insanlar normaları haqqında heç kimə məlumat vermirlər. Deməli, danışdıqları həmin xanım üçün də norma kimi gəlmir. O, sadəcə pafostlu çıxışlarla hansısa bir kütlənin könlünü qazanmağa çalışır.

Onun ərindən başqa ortaya qoya biləcəyi mövzusu yoxdur?

Xanım deyir ki, onu məclislərə dəvət edirlər. Ehtimal bu yöndədir ki, həmin kütlə müğənnini elə məhz bu çıxışlarına görə məclislərinə çağırır. Onlar da məhz belə düşünür ki, qadın ərinin ayağını niyə xəstə olanda yumalıdır, sağlamlığında da etməlidir. Hətta hesab edirlər ki, arvad məhz belə olmalı, kişinin ayağının suyunu da içməlidir”.

Psixoloq əlavə edib ki, həmin xanımın çox emosianalcasına bu ifadələri dilə gətirməyi onu göstərir ki, o da həqiqətin bu olmadığının fərqindədir:

“Yəni həmin xanım əslində həqiqətin axtarışındadır. Yəni o niyə düşünür ki, efirdə ərindən danışmasa, sadəcə müğənnilik eləsə, onu qəbul etməyəcəklər? Onun doğurdan da ortaya qoyula biləcək və satıla biləcək başqa məhsulu yoxdur?”

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37