Anar Məmmədovun İngiltərədə 20 restoranı üzə çıxdı: Ziya Məmmədovun oğlunun 30 milyondan yuxarı…- SENSASİON İDDİALAR
- CƏMİYYƏTMANŞETSON XƏBƏR
- 10.07.2024 10:31
Musavat.com xəbər verir ki, sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov barədə sensasion iddialar yayılıb. Bu barədə Qərb mediasında (Azadlıq Radiosu) detallı materiallar dərc olunub. Həmin materiallar görə, “…Amerika qızartma toyuq zənciri KFC-nin İngiltərədə françayzinqinə 43 yaşlı Anar Məmmədovun milyonlarla dollar xərclədiyini üzə çıxıb. KFC şəbəkəsinə yatırımları Məmmədovun Britaniyadakı biznesinin bir hissəsidir. “Transparency International UK” təşkilatının Britaniya torpaq reyestrindən əldə etdiyi qeydlərə görə, bu portfolioya Londonun ən bahalı küçələrində toplam dəyəri 30 milyon dolları aşan daşınmaz əmlak da daxildir”.
Materialda daha sonra vurğulanır: “Azərbaycan mediasında Məmmədovun Britaniyada KFC restoranlarını satın alması barədə 2022-ci ilin sonlarında ilk dəfə məlumat yayılanda onun atası, keçmiş nəqliyyat naziri Ziya Məmmədov oğlunun Britaniyada bir dənə də restoranının olmadığını söyləmişdi.
Ancaq Azadlıq Radiosunun araşdırması A. Məmmədovun hazırda İngiltərənin şimal-qərbində azı 20 restoranının olduğunu üzə çıxarıb. O, anonim ofşor şirkətindən yararlanaraq, azı, 10 il öncədən həmin sərmayəsini yatırmağa başlayıb”.
Musavat.com xatırladır ki, Anar Məmmədov Azərbaycan mediasının məşhur personajlarındandır. Bir zamanlar o, ayı əti yeməsi iddiası ilə aylarla gündəmdə olub. (Qəbələdə restoranların birinin həyətində saxlanan ayını böyük məbləğdə pul ödəyərək, kəsdirmiş, ətindən kabab bişirtdirərək, dostları ilə yemişdi – Red.)
“Yeni Müsavat” qəzeti də daxil olmaqla, bu iddia barədə yazan yerli medianı məhkəmələrə cəlb etmişdi.
Daha sonra isə o və əmisi oğlu Aynar Məmmədov “Yeni Müsavat” qəzetinin müxbirini döydürmüşdülər.
Anar Məmmədov əyləncəyə, eyş – işrətə meyıli birisidir, adı daim neqativlərdə, qalmaqallarda hallanır.
Davamı olacaq.