“Ayaks”la matçda çəkinmədən mübarizə aparacağıq – Qurban Qurbanov

“Ayaks”la matçda çəkinmədən mübarizə aparacağıq – Qurban Qurbanov

“Sabah bizi vacib oyun gözləyir. Tarixi böyük olan komanda ilə üz-üzə gələcəyik”.

TEMPİNFO xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda Niderlandın “Ayaks” klubuna qarşı keçirəcəkləri III tur oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.

O, matça ciddi hazırlaşdıqlarını bildirib:

“Futbolçuların psixoloji durumu çox yaxşıdır. Hər biri sabahkı matça istəkli yanaşır. Mateus Silva və Marko Veşoviçin müalicəsi davam edir. Sabah əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. “Ayaks” kimi böyük klubun Bakıya səfər etməsi müsbət məqamdır. Lakin biz daha əvvəl də güclü rəqiblərlə qarşılaşmışıq. Əgər inkişaf etmək istəyiriksə, bu cür komandalarla tez-tez üz-üzə gəlməliyik. Çəkinmədən mübarizə aparacağıq”.

53 yaşlı mütəxəssis qapıçılar Mateuş Koxalski və Fabiyan Buntiçə güvəndiyini söyləyib:

“Bəlkə də ilk oyunlarda mental olaraq hazır deyildilər. Lakin hazırda hər ikisi yaxşı səviyyədədir”

Q.Qurbanov Aleksey Kaşukun tam hazır olmadığını vurğulayıb: “Bir il futbol oynaya bilməyib. Onu anlayıram. Lakin günü-gündən daha yaxşı olur. “Ayaks”la oyunda onun texnikasına, futbol biliyinə ehtiyacımız ola bilər”.

“Ayaks” və “Qarabağ”ın sabiq futbolçusu Raydell Puponun Niderland təmsilçisinin rəsmi saytına verdiyi müsahibədə səsləndirdiyi fikirlərə də toxunan Qurbanov əlavə edib:

“Puponla bir neçə dəfə şəxsi söhbətimiz olmuşdu. Bacarıqlı futbolçu idi. Sadəcə, kluba ilk gəldiyi günlərdə artıq çəki problemi var idi. Bunu özünə də demişdim”.

Baş məşqçi Avropa Liqasının yeni formatına uyğunlaşmağa çalışdıqlarını vurğulayıb: “Əvvəllər qrup mərhələsində üç komandanı analiz edirdiksə, indi daha çox rəqiblə maraqlanırıq. Hələ də şansımız var”.

Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37