Ayxan Abbasov: “Turan Tovuz” rəhbərliyi heç bir səbəb göstərmədən mənimlə yolları ayırdı

Ayxan Abbasov: “Turan Tovuz” rəhbərliyi heç bir səbəb göstərmədən mənimlə yolları ayırdı

İki gün öncə “Turan Tovuz” klubunun baş məşqçisi vəzifəsindən ayrılan Ayxan Abbasov AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik.

– Mətbuata açıqlamanızda “Turan Tovuz”dan rəhbərliyin istəyilə ayrıldığınızı bildirmisiniz. Bir az detallı məlumat verə bilərsiniz? Hər şey necə baş verdi?

– Klub tərəfindən qəbul olunan qərar idi. Rəhbərlik heç bir səbəb göstərmədən mənimlə yolları ayırdı. Sadəcə, gələcək üçün müəyyən addımlar atacaqlarını, başqa planlarının olduğunu bildirdilər. Buna baxmayaraq, mən tərəfdən heç biri narahatlığa əsas yoxdur. Bu vaxta kimi çalışdığım bütün klubların rəhbərlərinə öncədən demişəm ki, nə zaman getməyimi istəsələr, buna hazıram. Ölkə çempionatı bitən kimi söhbətimiz oldu. Amma dediyim kimi, mənə heç bir səbəb göstərmədilər. Bəlkə də klubun rəhbər şəxsləri öz aralarında danışıb, nələrisə müzakirə edərək bu qənaətə gəliblər. Mənim isə heç nədən xəbərim olmayıb.

– Yəni, qərar sizin üçün də gözlənilməz oldu..

– Əlbəttə, çox gözlənilməz oldu. Çünki biz üçillik müqavilə imzalayaraq bu yola çıxmışdıq. İşlərimizi də buna uyğun qururduq. Hətta son günə kimi bəzi yerli futbolçularla razılığa gəlmək üzrə idik. Başqa futbolçularla danışıqlar da aparırdıq. Təbii ki, bu qərarı heç gözləmirdim. Lakin normal şəkildə sağollaşdıq. Çünki hörmət etdiyim insanlardır. Qarşılıqlı razılıq əsasında ayrıldıq. Onlar öz fikirlərini bildirdilər, mən isə bunu normal qarşıladım.

– “Kəpəz”lə oyundan sonra Ehtiram Quliyev “Turan Tovuz”un növbəti mövsüm avrokuboklara vəsiqə uğrunda oynayacağını bildirmişdi. Siz isə mətbuat konfransında buna cəhd edəcəyinizi söyləmişdiniz. Bəlkə ayrılığa məhz bu amil təsir göstərib?

– Biz ötən mövsüm Azərbaycan Kubokunun yarımfinalınadək irəlilədik. Avrokuboklara vəsiqə uğrunda şansımız var idi. Bu mövsümün müzakirəsini aparmışdıq və qərara gəlmişdik ki, daha iddialı olmalıyıq. Yekunda altıncı pilləni tutduq, son 5 turda gücümüz çatmadı. Amma gələn ilin planını elə qurmuşduq ki, son turlarda gücümüz çatacağı şəkildə oynayaq. Avrokuboklarla bağlı da hər hansı fikir ayrılığı olmamışdı.

– Məşqçi karyeranızda bir neçə dəfə bu halla üzləşmisiniz. Komandanı müəyyən səviyyəyə gətirib çıxarmısınız, amma sonra sizinlə yollar ayrılıb…

– Düşünürəm ki, normal haldır. Məşqçi üçün bu yolu keçmək, əlbəttə ki, çətindir. İllərlə bir klubda işləyəndə daha rahat olur. Digər komandalarda bundan da çox işləmişəm. Demək olar ki, hər klubda 3 ilə yaxın əziyyət çəkmişəm. Nəticə də göz qabağındadır. “Turan Tovuz” kimi bir klubda iki mövsüm işləmək də asan deyildi. Statistikaya baxsaq, görərik ki, bu komanda həm Premyer Liqada, həm də I Liqada ən çox məşqçi dəyişən klubdur. Bunun da səbəbi odur ki, orada azarkeş kütləsi çoxdur. Çətin də olsa, həmin təzyiqlərə dözmək, tənqidləri peşəkar şəkildə qəbul etmək lazımdır.

– Sizcə, tovuzlu azarkeşlər komandaya rəhbərlik etdiyiniz 2 mövsümdə sizi necə xatırlayacaqlar?

– Sevindiyim məqam odur ki, bu iki il ərzində heç vaxt düşmə zonasında olmadıq. Ən çətin anlarda belə biz bunu yaşamadıq. Halbuki bizdən daha böyük klublar bu aqibətlə üzləşiblər. “Turan Tovuz”a rəhbərlik etdiyim müddətdə azarkeşləri sevindirmişik. Düşünürəm ki, bundan da pis ola bilərdi. Klubun yaxşı rəhbərliyi var, onlara uğurlar arzu edirəm. Əsas odur ki, bu qərardan gileylənmirəm. Burada futbolçu kimi də çıxış etmişəm. Fikrimcə, “Turan Tovuz”a kifayət qədər xeyrim dəyib.

– Gələcək planlarınız nədən ibarətdir?

– Təkliflər gələrsə, əlbəttə ki, dəyələndirəcəyəm. Bu, mənim işimdir. Bununla bağlı hər hansı narahatlığım da yoxdur. İş xatirinə hansısa təklifi də qəbul etmək fikrində deyiləm. Həmin komandanın iş prinsipi, yanaşma tərzi önəmlidir.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37