Azərbaycanın gördüyü ən yaxşı legioner qapıçılar

Azərbaycanın gördüyü ən yaxşı legioner qapıçılar

“Qarabağ”ın futbolçusu Andrey Lunyovla yollarını ayırması ilə Azərbaycan çempionatı daha bir yüksək səviyyəli qapıçını itirib.

TEMPİNFO İdman.biz-ə istinadən klublarımızda oynamış ən yaxşı legioner qapıçıların reytinq cədvəlini tərtib edib.

Təbii ki, futbolda yalnız bir mütləq kəmiyyət var. O da tabloda əksini tapır – qalib və ya məğlub, çempion və ya autsayder. Digər anlayışlar – ən yaxşı, ən güclü və bu tip ifadələr nisbidir, daim də subyektiv olur. Onilliklər boyu dünya “Pele, yoxsa Dieqo Maradona” sualına cavab tapmayınca sonra “Lionel Messi, yoxsa Kriştiano Ronaldo” ifadəsi üzərində baş sındırmağa başladı. “Tarixin ən yaxşısı kimdir” sualına cavablar isə 4 böyük hissəyə bölünüb və hətta digər variantlar da tapılır. Bir sözlə, hərənin öz versiyası var.

Bu isə bizim – İdman.bizin Azərbaycanda oynamış ən yaxşı legionerlərlə bağlı versiyasıdır.

1. Asmir Beqoviç
Dünyanın ən güclü çempionatından – Premyer Liqadan “Qarabağ”a gələn Bosniya və Herseqovina millisinin qapıçısı Ağdam klubunda cəmi yarım mövsüm oynayıb. Bizim çempionatla müqayisədə başqa planet deyil, hətta başqa qalaktika olan İngiltərə Premyer Liqasında 200-dən çox matçda forma geyinən, indiki “yarımcan” “Çelsi” deyil, Roman Abramoviçin “Çelsi”sində oynamış qolkiperin soyuqqanlılığı, özünəinamı haradan gəldiyini açıq-aşkar göstərirdi. Azərbaycandan sonra “Milan”a keçməsi və yenidən Premyer Liqaya qayıtması da onun siyahıda “1 nömrə” olmasına işarədir. Asmir “Qarabağ”da çox qısa müddət oynadığı üçün özünü azarkeşlərə sevdirməyə vaxtı olmasa da, səviyyəsini göstərməyə macal tapıb.

2. Andrey Lunyov
Beqoviç kimi ölkəmizə birbaşa “Böyük beşlik”dən gələn rusiyalı da “Qrabağ”da qısa müddət keçirib. Düzdür, o, Almaniyada oynamaqdan çox ehtiyatda oturub. Amma Bundesliqanın havasını udmaq da Azərbaycanda möhtəşəm mövsüm keçirməyə yetərlidir. Ölkəmizdə cəmi bir mövsüm oynayan Andrey Avropa Liqasının 1/8 finalına qədər gedən komandanın uğurunda pay sahiblərindən biridir. Çempionluqla kubokun qazanılmasına gəlincə, “Qarabağ” istənilən qapıçı, bəlkə lap qapıçısız da bu iki titulu qazan bilər.

3. İbrahim Şehiç
İlk “üçlük”də daha bir sabiq “Qarabağ”lı yer alıb. Ağdam klubunun qapıçılarının belə üstünlüyü başadüləndir. Avropadakı tarixi nailiyyətlər və daxili arenadakı hegemonluq da hər mövqenin oyunçuları kimi qapıçılar da böyük pay sahibi olublar. Azarkeşlərin çoxu üçün İbrahim Şehiç daha sevimli qolkiperdir. Amma uzun illər Bosniya və Herseqovina millisində Beqoviçin əvəzləyici olan və yalnız sonradan həmyerlisini heyətdən sıxışdıran Şehiçin karyerası da o qədər zəngin deyil. O, “Qarabağ”da daha çox oynaması, 5 çempionluq və 3 kubok qazanması, verdiyi fayda ilə digərlərini qabaqlasa da, ustalıq səviyyəsində Asmir və Andreylə ayaqlaşmaqda çətinlik çəkir.

4. Saşa Stamenkoviç
Əgər “Qarabağ” Avropada sözünü deyən yeganə komandamızdırsa, qrup mərhələlərinə bu cığırı açan “Neftçi” olub. Avropa Liqasındakı uğurda Bakı klubuna “Srvena Zvezda”dan keçən serbiyalının da xidmətləri az deyil. Saşa ikiqat çempionluq və kubok qazandığı paytaxt təmsilçisində 5 il keçirib. Sonradan ölkəmizə qayıdıb “Sabah”da oynayan serbiyalı Premyer Liqada ən çox oyun keçirən legioner qapıçıdır.

5. Dmitri Bezotosnı
Avrokubokların qrup mərhələsində komandalarımızın qapısını inamla qoruyan qapıçılar sırasında Bezotosnının da xüsusi yeri var. “Qəbələ”nin ardıcıl iki mövsüm dörd mərhələ keçməklə qrupa düşməsində ukraynalının böyük əməyi olub. Premyer Liqada 2 gümüş və 2 bürünc qazanan, kubokun üç finalında iştirak edən və birində qalib olan qolkiper 4,5 il ərzində “qırmızı-qaralar”ın qapısını əmin əllərdə saxlayıb. Dmitrinin karyerasının ən parlaq hissəsi də məhz ölkəmizdə keçib.

6. Georgi Lomaya
İlk “beşlik”də yer alanlar Avropada, qrup mərhələsində də özünü göstəribsə, gürcüstanlı əsasən daxili yarışlarda özünü yaxşı tərəfdən sübut edib. Moskva “Spartak”ının və Gürcüstan millisinin sabiq əlcək sahibi “İnter”də (indiki “Şamaxı”da) 7 il forma geyinib. Bakı klubunun ən yaxşılarından olan qolkiper bir çempionluq qazanıb. O, ölkəmizdən iki gümüş və iki bürünc medal da aparıb və kubokun finalçısı da olub.

7. Xalidu Sissoko
Seneqal millisinin sabiq qapıçısının klub karyerasının ən yaxşı illəri “Bakı”da keçib. O, Azərbaycanda keçirdiyi 8 ildə “zolaqlılar”ın aparıcı simasına çevrilib. Sissoko “Bakı”nın tarixi ərzindəki bütün titullarda pay sahibi olub: iki dəfə ölkə çempionu və üç dəfə kuboku qalibi adını qazanıb. Onun hesabında bir gümüş və bir bürünc də var.

Düzdür, ölkəmizdə onlarla başqa legioner qapıçı da oynayıb. Onlar arasında Vladimir Miçoviç, Boyan Pavloviç, Miro Varvodiç, Pavel Doroşev kimi az-çox özünü göstərənlər olsa da, reytinqimizin “Top-7”si ilə müqayisədə geri qalırlar. Onların uğurları əsasən daxili arena, maksimum avrokubokların təsnifat mərhələsi ilə məhdudlaşıb.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37