“Azercell” daha bir tarifin xidmət haqqını artırdı
- İQTİSADİYYATSON XƏBƏR
- 02.07.2024 10:08
“Azercell Telekom” MMC-nin fakturasız (SimSim) xətt sistemində abunəçilərə təqdim edilən “Bölgə” tarif paketi çərçivəsində “Limitsiz danışıq” kampaniyasının xidmət haqqı artırılır.
TEMPİNFO İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərar qəbul olunub.
Qərara əsasən, sözügedən kampaniya üçün xidmət haqqı 0,49 müəyyən edilib. “Azercell”in bu bahalaşma qərarı iyulun 12-dən etibarən qüvvəyə minəcək.
Hazırda isə bu xidmət haqqı 0,45 manat təşkil edir.
Xatırladaq ki, “Azercell” cari il başlayandan abunəçilərin sərfəli hesab etdiyi bəzi tarifləri ləğv edib, bir sıra xidmətləri isə bahalaşdırıb. Hazırda mobil operator şirkətinin bahalaşma və ləğvetmə kampaniyası davam edir. Bir neçə gün əvvəl şirkətin qəbul etdiyi qərara əsasən, iyulun 30-dan etibarən “Tiktok internet paketi” və “Günlük Bölgə” kampaniyaları, eləcə də “Duet Kart”, “Əkiz Kart” və “Video Zəng” xidmətləri ləğv olunur. May ayından isə “İstəSən” tarif paketi və “GəncOl” tarif paketləri çərçivəsində təqdim edilən istifadə imkanı istifadə müddətindən əvvəl bitdikdə, həmçinin müvafiq paketin yenilənməsi üçün nömrənin balansında kifayət qədər vəsait olmadıqda ölkədaxili zəngin 1 dəqiqəsi üçün xidmət haqqı 0,06 manatdan 0,08 manata artırılıb. “Bölgə” tarif paketi çərçivəsində bölgələrdə ölkədaxili zəngin 1 dəqiqəsi üçün xidmət haqqı 0,05 AZN-dən 0,06 AZN-ə artırılıb. “Sərbəst 6”, “Sərbəst 10”, “Sərbəst 15”, “Sərbəst 25”, “Sərbəst 50” və “Sərbəst 75” tarif paketləri isə ləğv edilib. İyun ayından isə “Azercell” ödəniş (danışıq) kartlarının nominalına uyğun olaraq istifadə müddətini azaldıb.
TEMPİNFO