“Azərkosmos” 230 milyon dəyəri olan peyki 1,4 milyon manata sığortaladı

“Azərkosmos” 230 milyon dəyəri olan peyki 1,4 milyon manata sığortaladı

Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tenderin nəticəsinə əsasən “Paşa Sığorta” ASC (VÖEN- 1400837161) bir il müddətində (04.06.2024-04.06.2025) “Azerspace-1” peykinin sığortalanması xidmətlərini həyata keçirəcək.

Qeyd olunan xidmət üçün “Azərkosmos” “Paşa Sığorta”ya 1 milyon 436 min 500 manat ödəyəcək.

Məlumat üçün bildirək ki, 8 fevral 2013-cü ildə orbitə çıxarılan “Azerspace-1” peykinin ərsəyə gəlməsi üçün 230 milyon manat vəsait xərclənib.

Çəkisi 6 521 kq olan “Azerspace-1” peyki teleradio yayımı və telekommunikasiya xidmətlərinin göstərilməsi, eləcə də korporativ və hökumət müştərilərinin tələblərinə cavab verən keyfiyyətli və dayanıqlı rabitə platformalarının təmin edilməsi üçün nəzərdə tutulub. Peyk üzərindən 100-ə yaxın televiziya və radio kanalı yayımlanır, Avropa, Afrika, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiyada 40-dan çox ölkədə 180-dən çox müştəriyə xidmət göstərilir. “Azerspace-1”in istismar müddəti azı 17 ildir.

Onu da qeyd edək ki, daha əvvəl Azərbaycanın müşahidə peyki olan “Azersky” peyki də “Paşa Sığorta” ASC tərəfindən sığortalanıb. 2022-ci ildə “Azərkosmos” 45 milyon manat dəyəri olan “Azersky” peyki üçün “Paşa Sığorta”ya 518 min manat sığorta haqqı ödəyib. Sığorta müqaviləsindən bir müddət sonra “Azersky” peyki ilə əlaqə itib. Nazirlik “Azersky” peyki ilə əlaqənin itməsinə mümkün səbəb kimi kiçik ölçülü kosmik tullantı və ya meteorit ilə toqquşma ehtimalını göstərib. Bu səbəbdən “Paşa Sığorta” ASC “Azərkosmos”a 45 milyon manat ödəməli olub.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37