Bakı ilə bağlı məxfi plan deşifrə olundu – Savaş sərhədi İrəvan və Tiflisdən keçdi

Bakı ilə bağlı məxfi plan deşifrə olundu – Savaş sərhədi İrəvan və Tiflisdən keçdi

Cənubi Qafqazın iki ölkəsi qarışır. Gürcüstan və Ermənistanda meydanlar qaynayır. Hər iki respublikanın paytaxtında hakimiyyətə qarşı ciddi basqı var.

İki supergücün – ABŞ-la Rusiyanın nüfuz və mövqe savaşının sərhədləri indi Ermənistanla Gürcüstanın paytaxtlarının düz mərkəzindən keçir. Geopolitik delimitasiya və demarkasiya prosesi gedir sözün əsl mənasında. Sərhəd xətti uğrunda xalqları, onların saf duyğularını sömürür, istismar edir bu iki qütb. Böyük siyasi teatrlarda hər zaman belə olur: qlobal güclər savaşır, xalqlar bunun bədələni ödəyir.

Hakimiyyətləri meydanlarda formalaşdırılan, iqtidar komandası küçələrdə yaradılan ölkələr gözümüzün qarşısında bədbəxtlik girdabından qurtula bilmirlər. 10 il öncə Yanukoviçi devirib, Kiyevdə növbəti Maydan hərəkatına start verən Qərb bu gün Ukrayna xarabazarlıqları altında çürüyən sadə ukraynalıların cəsədləri üzərindən siyasət yürüdür.

2003-cü ildə əllərində çiçək tutan Saakaşvili hakimiyyətə gəldi, iki müddət ölkənin birinci kreslosunda əyləşdi. Amma özü ilə bərabər ölkəsini də çıxmaza saldı. Çünki o, yad mərkəzlərin layihəsi olaraq gürcü xalqına sırınmışdı. Gürcüstanı böyük risklərə, lazımsız təcrübələrə soxdu. Saakaşvilinin 2008-ci ilin avqust ayındakı avantürist davranışının yaralarını gürcülər hələ də sağalda bilmir. Məhz Qərbin diktəsi nəticəsində Rusiya ilə toqquşdu. O Rusiya ilə ki, həmin vaxt indikindən 10 qat daha güclü idi.

2018-ci ilin bu günlərində Nikol Paşinyan da qəfil, heç kimin gözləmədiyi şəkildə iqtidara gəldi. Meydanlardan idarəetməyə atlandı. Ölkəsini böyük savaşa sürüklədi; məğlub oldu, kapituliyasiya sənədi imzaladı, Ermənistanı uçurumun kənarına gətirdi. Halbuki zamanında lazımi addımları atsaydı, ölkəsi bu cür acınacaqlı duruma düşməzdi. İndi keçmiş prezident Serj Sərkisyan onun haqqında “Paşinyan sülh dilənir” deyir. Guya Serjik Paşinyanın yerində olsaydı, bu cür biabırçı, layiq olduğu məğlubiyyətlə üzləşsəydi, Azərbaycana yalvarmayacaqdı?

Artıq Azadlıq meydanları xalqlara xoşbəxtlik, müstəqillik, demokratiya gətirmir. Bunu son 36 ildə keçmiş sovet məkanında baş verən proseslər sayəsində gördük, bildik. Azərbaycan da daxil olmaqla 1988-93-cü illərdə postsovet ölkələrinin baş meydanlarında Xalq Cəbhəsi adı altında xüsusi xidmət orqanlarının yaradıb küçələrə buraxdığı xaotik hərəkat bir ölkəni, xalqı xoşbəxt etmədi.

Nə yazıq ki, hələ də bəzi cəmiyyətləri meydan nağılına inandıra bilirlər. Etiraz gözəldir. Hökumətə narazılıq bildirilməlidir. Bir şərtlə ki, bu, təbii proses kimi meydana çıxsın. Daha Moskvanın, Vaşinqtonun, Tehranın, Brüsselin və digər paytaxtların hazırlayıb yaydığı süni proses kimi yox. Bu cür siyasi-geopolitik pandemiyalar ölkələri bədbəxt edir, onillərlə problem girdabına yuvarlayır.

Çox şükür ki, Azərbaycan hazırda geopitik “pandemiyanı” ölkə sərhədlərindən kənarda tuta bilir. Xaosun Bakı küçələrinə yansımasının qarşısı alınır. Prezident İlham Əliyev bu qarışıqlığı Azərbaycana yaxın buraxmır. Ermənistan və Gürcüstandan əvvəl Bakıda iğtişaş yaradıb, ölkəni xaosa sürükləmək istədi kənar güclər. Vaxtında verilən qərar Qərbin Azərbaycandakı agentura şəbəkəsinə nöqtə zərbəsi endirmiş oldu. Mediada, siyasətdə, QHT sektorunda kamuflyaj olmuş təsir agentləri ətrafında keçirilən əməliyyatlar olmasaydı, bu gün Bakı Tiflis və İrəvanın gününə düşə bilərdi. Bura İran agenturasının da zərərsizləşdirilməsi əməliyyatlarını daxil etsək, ölkəmizin üzərində necə böyük və qorxunc oyunlar oynanıldığını təsəvvür etməkdə çətinlik çəkmərik.

Agentura şəbəkəsinin bəslənməsinin səbəbləri, hədəfləri var. Bu cür qruplar lazımi anda onminlərlə insanı yönəldib, küçələrə çıxarır. Əsas silahları da sosial şəbəkələrdir. Yeri gəlmişkən, deyilənə görə, son illər ABŞ-da, eləcə də bir sıra Avropa ölkələrində xeyli sayda azərbaycanlı aktivist sosial şəbəkələrdə kütlələrin yönləndirilməsi üzrə xüsusi təlim keçib. Bu adamlar xaotik vəziyyətlərdə kütlələrin idarə olunmasında peşəkarlaşıblar. Ötən yazılarda bu mövzuya toxunarkən bildirmişdik ki, aidiyyəti qurumlar bu şəxsləri tam olaraq təsbit edə bilməyib. Məxfilik yüksək səviyyədə təmin olunub.

Prezident İlham Əliyevin Xocalıda sakinlərlə görüşü. 28 may, 2024-cü il

Ermənistanın müstəqillik günündə bu ölkədə baş verənlərə baxaq: orda keşiş hökuməti devirməklə hədələyir. Gürcüstanda minlərlə insan hakimiyyətin istefasını tələb edir. Moskva və Qərb tərəfdarları arasında qarşıdurma pik həddə çatıb.

Azərbaycanda isə dünən – mayın 28-də, Müstəqillik Günündə Prezident İlham Əliyev Qarabağ torpaqlarında Azərbaycanın növbəti mərhələsinin təməlini qoyurdu. Xocalıda sakinlərlə görüşüb, onlara yeni evlərinin açarlarını təqdim etdi. Bu, həm də Xocalının timsalında ölkənin növbəti mərhələsinin açarı idi. Xocalıda 1992-ci ilin 26 fevralı günü baş verən dəhşətli hadisələr bizim ölkə və xalq olaraq məğlubiyyətimizin, Vətənsizliyimizin, Qarabağsızlığımızın əsasını qoymuşdu. O şəhərə qayıtmaq isə əks prosesin – qələbənin möhkəmləndirilməsinin, Böyük Qayıdışın geridönməz olduğunu bildirdi.

Azər Ayxan
Globalinfo.az

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37