Bakıda 5 nəfərin öldüyü zavoddan GÖRÜNTÜLƏR
- HADİSƏMANŞETSON XƏBƏR
- 04.06.2024 00:47
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində qazdan zəhərlənmə nəticəsində ölən işçilərdən biri – Tural Səfərəliyevin yaxınları Baku TV-yə danışıblar.
Mərhumun qonşusu 38 yaşlı T.Səfərəliyevin evli olduğunu söyləyib:
“Uzun müddətdir gəmi təmiri zavodunda işləyirdi. Qonşu olmuşuq, neçə il bir yerdə yaşamışıq. Gözəl insan olub. Allah rəhmət eləsin”.
Xatırladaq ki, Bakıda zavodda 5 nəfər qazdan zəhərlənərək ölüb, 2-si xəstəxanaya yerləşdirilib.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 17:00 radələrində ASCO-nun “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində qazdan zəhərlənmə səbəbilə çağırış daxil olub.
Hadisə yerinə dərhal 9 təcili tibbi yardım briqadası yönləndirilib.
5 nəfərin həkiməqədər ölümü qeydə alınıb. Zərərçəkən 2 nəfər isə tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.
Hadisə barədə ASCO bildirib ki, saat 17:00 radələrində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində təmir işləri aparılarkən zavodun 5 əməkdaşı qazdan zəhərlənib.
Qeyd olunub ki, üzən tərsanədə işləyən 4 işçidən səs gəlmədiyini görən növbədə duran Yolçuyev Namik Əli oğlu həmkarlarının arxasınca tərsanənin ballastının nasos bölməsinə daxil olub, lakin o da qazdan zəhərlənib.
Əraziyə FHN-in xüsusi briqadası cəlb olunub. Hadisənin baş verdiyi yerdən 5 nəfərin – Səfərəliyev Tural Şabəddin oğlu, Şahbazov Orxan Zaur oğlu, Yolçuyev Namik Əli oğlu, Ağayev Teyyub Eyyub oğlu, Məmmədov Samid Abdulvahab oğlunun meyiti çıxarılıb.