Bakıda terror törətmək istəyən Əfqanıstan vətəndaşına – Hökm oxundu

Bakıda terror törətmək istəyən Əfqanıstan vətəndaşına – Hökm oxundu

Azərbaycanda terror aktı planlaşdırmaqda ittiham olunan Əfqanıstan vətəndaşı Favzan Musa Xanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

TEMPİNFO “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Favzan Musa Xan 10 il müddətinə azadlıqdan məhrum edilib.

O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata əsasən, Əfqanıstan vətəndaşı 1990-cı il təvəllüdlü Favzan Musa Xanın (Fawzan Mosa Khan) digər şəxslərlə qabaqcadan əlbir olaraq Azərbaycan ərazisində ictimai sabitliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə partlayış, yanğın və ya digər bu kimi hadisələrlə müşayiət olunacaq, insanların həlak olması, onların sağlamlığına zərər yetirilməsi, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli halların baş verməsi ilə nəticələnəcək terror aktı törətməyi planlaşdırması müəyyən edilib.

Məlum olub ki, adıçəkilən əcnəbi qeyd olunan cinayət əməllərini törətmək niyyəti ilə xarici ölkədən Azərbaycana gəlib, Bakı şəhərində yaşadığı müddətdə üçüncü dövlətin ölkəmizdəki Səfirliyinin yerləşdiyi ərazinin koordinatlarını müəyyənləşdirmək və terror aktını planlaşdırmaq məqsədilə səfirliyin binasının ətrafında müşahidə aparıb, terror aktında iştirak edə biləcək şəxslərin müəyyən edilərək bu fəaliyyətə cəlb olunması, odlu silah və partlayıcı maddələrin əldə edilməsi, bu məqsədlərlə maliyyə dəstəyinin alınması üçün digər şəxslərlə əlaqəyə girərək sövdələşib.

Faktla bağlı Favzan Musa Xan DTX-nin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 28, 214.2.1 və 28, 214.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silah və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terrorçuluq hərəkətlərinin törədilməsinə hazırlıq) maddələri ilə başlanılmış cinayət işi üzrə cinayət başında saxlanılaraq təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37