“Biədəb yerlərini burcuda-burcuda gözə soxurlar, elə bil özlərini bazara çıxarıblar” – Xalq artisti

“Biədəb yerlərini burcuda-burcuda gözə soxurlar, elə bil özlərini bazara çıxarıblar” – Xalq artisti

Xalq artisti Şeyx Əbdül Mahmudovdan sərt reaksiya: “Əxlaqımız oğurlanır”

Tanınmış aparıcı Aytən Səfərovanın geyimlə bağlı çıxışı müzakirələrə səbəb olub. O “Maşın bazarı”nda mayka ilə gəzən kişiləri tənqid edib.

A.Səfərovanın bu çıxışından sonra isə bir sıra sosial şəbəkə istifadəçiləri qadınların geyimlərini tənqid etməyə başlayıblar.

TEMPİNFO xəbər verir ki, müzakirələrlə bağlı Ölkə.Az-a danışan aktyor, rejissor Xalq artisti Şeyx Əbdül Mahmudov olduqca sərt reaksiya verib. O, xüsusilə qadın müğənnilərin geyimini belə demək mümkünsə, topa tutub:

“Geyim 2 cür kateqoriyaya aiddir: ictimai və rəsmi. Bu da insanların mədəni səviyyəsindən əxlaqından, ailə tərbiyəsindən asılıdır. Amma üçüncü bir şey var ki, ona milli-mənəvi dəyər deyirlər.

Dilimiz, məişətimiz, mətbəx mədəniyyətimiz əldən gedir, heç narahat olmuruq. Hansısa şərəfsiz hardasa şortik-mayka geyinib bundan danışırıq. Azərbaycanlı qızlarımız səhnəmizə soyunub çıxırlar. Bu da cəhənnəm, biədəb yerlərini burcuda-burcuda oynayıb gözə soxurlar. Elə bil özlərini bazara çıxarıb satmaqla məşğuldurlar. Heç onlara söz deyən yoxdur. Axı sənin milyonlarla körpən, yeniyetmən bunlara baxır.

Əgər biz bazar əhlindən nəsə gözləyiriksə, gərək bu sahədə yerdə dar ağacları qurulsun, güllələnmə bərpa olunsun. Biz dəvəni qoymuşuq, ölkəni döyürük”.

Ə.Mahmudov hesab edir ki, açıq-saçıq geyinənlərə qarşı qanunla cəza tədbirləri görülməlidir:

“Biri var, bağ oğrusu, ev oğrusu, qoyun oğrusu, bir də var, əxlaq, mənəviyyat oğrusu. Qoyun-quzu oğurlayanlar üçün məcəllədə cəzalar, cərimələr var, bəs əxlaq-mənəviyyatımızı oğurlayanlar? Bunlar artıq xəyanət kateqoriyasındadırlar. Millətin əxlaqına təcavüz etmək artıq xəyanətdir. Bu klassik xəyanətin cəzası varmı? Hər şeyin özünün münasib cəzası olmalıdır. Mən avropalı deyiləm, Məhəmməd ümmətiyəm, müsəlmanam, çox böyük abır-ismət sahibi olan müqəddəs türk xalqının övladıyam.

Bu dəyərlər azala-azala gəlib dirənib 5 nəfər şoumen əxlaqsız, mənəviyyatsız qadınların əlinə. Böyük dərdlər, faciələr qalıb o tərəfdə biz hələ hansı şoumenin necə geyinməyindən danışırıq. Ona görə geyinir ki, cəza yoxdur. Əxlaq, mənəviyyat dəyərləri, ölçüləri yoxdur, pozulub. Və hər şey də ailədən başlayır. Əgər o ailəsinin yanında mayka-tumanla, əndamı açıq gəzirsə, deməli, o adam üçün ailə dəyəri də yoxdur. Ailə əxlaqı olmayan adamdan nə gözləyəcəksən? Ona görə də heç kəsi şəxsi nazı ilə ölçmək olmaz. Oğrulara qanun necə şamil olunursa, əxlaqı, mənəviyyatı pozanlara da 10 qat artıq cəzalar olmalıdır”.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37