Birinci xanımı olmayan ÖLKƏLƏR

Birinci xanımı olmayan ÖLKƏLƏR

Birinci xanım və ya birinci ledi dövlət başçısı seçilmiş şəxsin həyat yoldaşının qeyri-rəsmi tituludur.

Birinci ledilər seçilmir, amma ərləri prezident olduğu zaman onlar da önə çıxır, ölkəni beynəlxalq miqyasda təmsil edirlər.

Birinci xanım (First lady) anlayışı dünya siyasətinə Amerika Birləşmiş Ştatlarından (ABŞ) gəlib. XIX əsrin ortalarından Amerika prezidentlərinin xanımları sadəcə “First lady” adlandırılır. Sonradan bu anlayış başqa ölkələrə də yayılıb.

Birinci xanım ifadəsi baş nazir və ya rəhbər üçün işlədilmir.

Birinci xanımlar üçün bir sıra əsas davranış normaları mövcuddur. Belə ki, onlar geyimlərinə, davranışlarına və jestlərinə xüsusi diqqət yetirməli, pis vərdişləri aşılamamalı, yer aldığı tədbirə uyğun geyim seçməli, makiyaj vasitələrindən həddindən artıq istifadə etməməli və geyimlərdə açıq-saçıqlığa yol verməməlidir.

Protokola əsasən, rəsmi tədbirlərdə prezidentlərin xanımları onlardan bir qədər geridə qalmalıdır.

Birinci xanımlar beynəlxalq arenada təqdim olunan proqramlar çərçivəsində xarici səfərlərdə diqqət mərkəzinə düşürlər. Bu gün bəzi ölkə başçıları var ki, birinci xanımla səfər etmək imkanına malik deyillər. Bu, müxtəlif səbəblərlə bağlıdır – kiminsə həyat yoldaşı dünyasını dəyişib, kimsə xanımını boşayıb.

Modern.az  birinci xanımları olmayan ölkələrlə bağlı yazını təqdim edir.

Rusiya

Belə ölkələrdən biri Rusiyadır. Bu günlərdə 72 yaşını qeyd edən Rusiya Federasiyasının prezidenti Vladimir Putin hazırda evli deyil.


İlk dəfə 2000-ci ildə Rusiya prezidenti seçilən Vladimir Putini o zamanlar birinci xanımla görmək olardı. O, 1983-cü ildə Lyudmila Şkrebneva ilə evlənmişdi. Evlilik illərində cütlüyün Mariya (28 aprel 1985) və Katerina (31 avqust 1986) adlı qızları doğulub. Uşaqların hər ikisi atalarının o zaman “KQB” kəşfiyyatçısı kimi işlədiyi Almaniyada doğulub, onlara nənələrinin adları verilib.
Bacılar Sankt-Peterburqda alman dilini dərindən öyrədən özəl gimnaziyanı bitirib və 2000-ci ildə evdə təhsilə keçiblər. Orta məktəbi bitirdikdən sonra hər ikisi Sankt-Peterburq Dövlət Universitetinə daxil olublar. Mariya Putina Biologiya fakültəsini bitirib, kiçik bacısı Katerina Uzaq Şərqin tarixi və mədəniyyəti üzrə mütəxəssis olub.

Vladimir Putin prezident seçiləndən sonra Lyudmila Şkrebneva (Putina) Rusiya Federasiyasının birinci xanımı kimi mətbuatın diqqətindən maksimum yayınıb, kamera çaxnaşmalarından uzaq olub. Onun ictimai çıxışlarının  müəyyən dövlət protokolu ilə tənzimlənməsi barədə məlumatlar var. Bu, Vladimir Putinin keçdiyi “KQB məktəbi”nin xüsusiyyətlərini ailədə də tətbiq etmədən irəli gəlirdi.

Lyudmila kölgədə qalarkən, mediada onun yüksək vəzifəli ərinin keçmiş olimpiya gimnastı Alina Kabayeva ilə görüşdüyü barədə şayiələr yayılıb. Bu şayiələr yayılarkən prezident xanımından hələ boşanmamışdı.

Xarici medianın yazdığına görə, Lyudmila Putina əvvəllər bir neçə dəfə etiraf edib ki, əri prezident olandan sonra həyatı tamamilə çöküb. 2000-ci illərin əvvəllərində cütlük arasında problemlərin dərinləşdiyi barədə söz-söhbət dolaşırdı.

Nəhayət 6 iyun 2013-cü ildə Lyudmila Şkrebneva və Vladimir Putin açıq şəkildə nikahlarını qarşılıqlı razılaşma ilə bitirmək qərarına gəldiklərini elan ediblər.

Bu gün Rusiya Prezidenti Vladimir Putin ölkə daxilindəki və xaricdəki tədbirlərdə birinci xanımsız iştirak edir.

İtaliya

İtaliya Respublikasının da hazırda birinci xanımı yoxdur. Ölkənin 12-ci prezidenti Sergio Mattarella uzun müddətdir ki, duldur.


Sergio Mattarella 31 yanvar 2015-ci ildə İtaliya prezidenti seçilib.

Prezident Mattarella 1 mart 2012-ci ildən dul qalıb. Onun həyat yoldaşı Marisa Mattarella 2012-də dünyasını dəyişib.

Bu cütlüyün üç övladı dünyaya gəlib: Bernardo Giorgio, Laura, Francesco.

İran

Bu il iyulun 5-də İranda keçirilən növbədənkənar prezident seçkilərinin 2-ci turunda qalib gələn əslən azərbaycanlı Məsud Pezeşkian da dövlət başçısı kimi birinci xanımdan məhrumdur.


İranın sayca doqquzuncu prezidenti olan Məsud Pezeşkian həyat yoldaşını 20 il əvvəl itirib. İran mətbuatının məlumatına görə, Pezeşkianın həyat yoldaşı ginekoloq olub. Onların 4 övladı dünyaya gəlib.

Hazırkı prezidentin həyat yoldaşı və övladlarından biri 1994-cü ildə avtomobil qəzasında həlak olub.

Məsud Pezeşkian bir daha evlənməyib. O, digər 2 oğlu və 1 qızını tək böyüdüb. Yeri gəlmişkən, İrandakı prezident seçkiləri zamanı Məsud Pezeşkianı qızı Zəhra Pezeşkian müşayiət edib. Zəhra Pezeşkian kimya üzrə magistr dərəcəsinə sahibdir.

Belarus

Rəsmi tədbirlərə və xarici səfərlərə birinci xanım olmadan gedən dövlət başçılarından biri də Belarus prezidenti Aleksandr Lukaşenkodur.

Lukaşenko uzun illərdir ki, həyat yoldaşı Qalina Rodionovnadan ayrı yaşayır. Maraqlıdır ki, onlar rəsmi olaraq boşanmayıblar, amma birgə də yaşamırlar. Belarus mətbuatının araşdırmasına görə, Qalina Rodi Mogilyov şəhəri yaxınlığındakı Rıjkoviçi kəndində yaşayır, tibb sahəsində çalışır.
Qalina Rodionovna hec vaxt prezident Aleksandr Lukaşenkonun yanında olmayib, onu müşayiət etməyib, ailə fotolarına düşməyib.

Aleksandr Qriqoryeviçin özünün dediyinə görə, o, 30 ildən artıqdır ki, qanuni həyat yoldaşı Qalina Rodionovnaya xəyanət edir, lakin boşanmaq fikri də yoxdur. Bu, prezidenti narahat etmir.

Qalina ilə evliliyindən Lukaşenkonun iki oğlu var – Viktor və Dmitri.

Onun ən kiçik oğlu Nikmolay başqa qadından doğulub. Nikolayın anası haqda rəsmi məlumat yoxdur, amma Belarusda hamı onun terapevt İrina Abelskaya olduğuna əmindir. İrina əvvəllər Aleksandr Lukaşenkonun şəxsi həkimi olub, sonra isə Prezident Administrasiyasının xəstəxanasına rəhbərlik edib.

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37