Polemika mədəniyyətiniz olsun – Alimdən cavab
- CƏMİYYƏTSON XƏBƏR
- 29.05.2024 13:00
Qazaxın 4 kəndinin işğaldan azad edilməsindən sonra “Qazax” adına şəkilçi artırılarkən bir qisim “Qazağ”ın, digər qisim isə “Qazaxın” variantının düzgün yazılış olduğunu qeyd edir.
TEMPİNFO xəbər verir ki, müzakirələrə qoşulan Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi Analitik təhlil və proqramlaşdırma şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent, dilçi alim Şahlar Göytürk məsələyə aydınlıq gətirib.
O bildirib ki, ədəbi dildə x-ğ qanunu yoxdur:
“Sözüm şəxsi maraqlarını dil maraqlarından üstün tutan bir qrup “şəxsə”, populist, tayfabaz “ziyalılar”adır.
Üzünüzdə ləkə varsa, güzgünü sındırmayın! Dürüst olun, boş -boş guruldamayın, polemika mədəniyyətiniz olsun. Unutmayın ki, dil qanunları yerlibazlığı sevmir. Elmi fikirlərə öncə ədəb çərçivəsində cavab verməyi və çoxluğun fikrinə hörmət etməyi öyrənin.
Bu dil təkcə sizin deyil, bütün dünya azərbaycanlıların dilidir. Dövlət dilinə, onun sabitləşmiş yazı qaydalarına sayğı ilə yanaşmaq hər bir vətəndaşın borcudur.
Mərhum alim Buludxan müəllimdən gətirilən “mənbə”yə gəlincə, onun dərsliyində ciddi yanlışlıqlar var.
Birincisi, ədəbi dildə “çanax” sözü yoxdur. Dialekt sözünün (kasa, ölçü vahidi) dərslikdə x-ğ əvəzlənməsi ilə verilməsi doğru deyil. İkincisi, ədəbi dildə x-ğ qanunu yoxdur.
Biz fonetik qanunları nəzərə alıb bu təkliflə çıxış etmişik”.
Şahlar Göytürkün sözlərinə görə, mərhum dilçi alim Nəsir Əhmədli 2018-ci idə təklif etmişdi ki, gəlin tarixi yanlışlığı aradan qaldıraq, həmin coğrafi adları əslinə uyğun, yəni Qazaq, Yevlaq şəklində yazaq və mübahisələrə də son qoyulsun: “O vaxt bu təklif qəbul edilmədi.
Belə bir təkliflə çıxış etməyimin əsas səbəbi yazıda variantlılığı aradan qaldırmaqdır.
Dil daşıyıcılarının bir qismi “Qazağa”, bir qismi isə “Qazaxa” yazır.
Mənim fikrim belədir ki, x ilə bitən coğrafi adlar və şəxs adları hallanarkən yazıda dəyişikliyə uğramamalıdır. Məsələn, Sadiq ərəbmənşəli addır. Bu şəxs adı dilimizdə həm Sadiq, həm Sadıq, həm də Sadıx şəklində rəsmiləşdirilib.
Maraqlıdır, görəsən, İboş bəy, İloş xanım…. bu adları yiyəlik, yönlük, təsirlik hallarında necə yazırlar?
Görünən budur ki, onlar üçün ədəbi tələffüz, yazı qaydaları önəmli deyil. Onlar istəyirlər ki, yazıda və ədəbi tələffüzdə hərc-mərclik olsun. O biri bölgələrimizdən olan vətəndaşlar da sabitləşmiş yazı qaydalarına qarşı çıxsınlar.
Mən bu məsələ ilə bağlı təkliflərimi Dilçilik İnstitutuna göndərmişəm. Qeyd etmişəm ki, bu məsələ orfoepiya normalarının 1.3 -cü bəndinə uyğunlaşdırılmalıdır. Yəni tələffüzlə yazı arasında fərqi tədricən aradan qaldırmaq lazımdır ki, bu məsələdə yerliçilik edə bilməsinlər. Məsələn, ölkənin bir ziyalısının “Biz bundan sonra da “Qazağın” yazacağıq, lazım gəlsə, petisiyaya başlayacağıq” fikrinin arxasında hansı niyyət durur? Sözsüz ki, ədəbi dilimizi öz şivələrinə uyğunlaşdırmaq niyyəti!
Qısası, dil qaydalarından xəbəri olmayan diletantlar gözə kül üfürüb рeşəkarlıqdan dəm vururlar. Onlara ayrı-ayrılıqda cavab verməyi vaxt itkisi hesab edirəm”.
TEMPİNFO