Bu binalardan mənzil alanlar evsiz qala bilər – Şok xəbərdarlıq

Bu binalardan mənzil alanlar evsiz qala bilər – Şok xəbərdarlıq

Tikintisi yeni başlanmış binalardan mənzil alarkən, əksər hallarda şirkət və alıcı arasında imzalanan müqavilədə mənzilin tam olaraq hansı müddətə təhvil veriləcəyi qeyd olunmur. Çox zaman bu nüansa diqqət edilmir, bu da sonradan ciddi problemə səbəb ola bilər. Xüsusən, bina natamam qaldıqda, tikinti şirkəti müflis olduqda vətəndaşın ödədiyi vəsaitin qaytarılması cəncələ çevrilir. Bundan başqa, gecikmə halı olur.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan hüquqşünas-vəkil Turan Abdullazadə bildirib ki, alıcılar müqavilə bağlayarkən bəzi şərtlərə mütləq diqqət yetirməlidir:

“Mülki Məcəlləyə əsasən, müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Amma qanunvericilikdə müqavilə bağlamağa məcburiyyət yoxdur.

Şərtləri tərəflər müəyyənləşdirir. Əqd – mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir”.

Hüquqşünasın sözlərinə görə, şirkətin müqavilədə mənzilin tam dəqiq olaraq nə zaman təhvil veriləcəyini qeyd etmirsə və ya qeyd etmədən imtina edirsə, vətəndaş da həmin şirkətinin tikdiyi binadan ev almaqdan imtina edə bilər:

“Vətəndaşı bu şərtlərlə müqavilə bağlamağa heç kim məcbur edə bilməz. Eləcə də vətəndaş tikinti şirkətindən öz istədiyi şərtlə müqavilə bağlamağı tələb edə bilməz. Müqavilə hər iki tərəfin qarşılıqlı razılığının, hər iki tərəfin iradə ifadəsinin əks olunduğu sənəddir.

Beləliklə, tərəflərdən biri müqavilənin şərtlərini bəyənmirsə, heç bir müqavilədən söhbət gedə bilməz. Tövsiyə olunur ki, müqavilə şərtləri diqqətlə nəzərdən keçirilsin. Əgər öz maraqlarına zidd nə isə varsa, vətəndaşlar sonradan problem yaşamaması üçün belə müqaviləni imzalamaqdan çəkinsinlər”.

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37