Bu evlərə “kupça” verilir – Rəsmi

Bu evlərə “kupça” verilir – Rəsmi

Bəzi evlər və obyektlər istisna olmaqla bütün sənədsiz evlərə “əmlak amnistisiyası” tətbiq ediləcək. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib. Bildirilir ki, bu məqsədlə yeni elektron portal hazırlanır. Portal hazırlandıqdan sonra çıxarış verilməsi nəzərdə tutulan evlərlə bağlı lazımi məlumatlar sistemə yerləşdiriləcək.

Bəs bu proses hansı qaydada aparılacaq? İlkin mərhələdə hansı əmlaklara çıxarış verilməsi nəzərdə tutulur?

TEMPİNFO.AZ xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, ilk öncə müvafiq sənədlərin toplanması üçün işlər görüləcək:

“Yəqin ki orada müvafiq eskiz layihələri, məlumatları, xəritədəki yerləşmə yeri göstəriləcək. Bununla bağlı Əmlak Məsələləri üzrə Dövlət Xidməti geniş açıqlama verəcək. Amma hər bir halda xidmətin göstəriləcəyi addımlar insanların əmlak məsələləri ilə bağlı problemlərinin həll olunmasına yönəlib. Bildiyiniz kimi, ölkə başçısının bu istiqamətdə verdiyi tapşırıqlar ondan ibarətdir ki, vətəndaşların mülkiyyətlə bağlı problemlərinə son qoyulsun. Qeydiyyatsız evlərin mülkiyyət məsələləri, nəhayət ki, həllini tapacaq”.

Ekspert qeyd edib ki, bu amnistiya bəzi əmlaklara şamil olunmayacaq:

“Ancaq bəzi əmlaklar var ki, onların sənədləşdirilməsi tikinti yerinə və əraziyə görə mümkün olmayacaq. Bu problemli zonalarda, xüsusən neftə məxsus hissələrdə olan evlərə aiddir. Hansı ki, həmin ərazilər faktiki olaraq, müəyyən neft şirkətlərinə aiddir. Həmçinin insanların yaşaması üçün təhlükəli olan ərazilərdə olan evlər də bu qəbildən sayılır. Təbii ki, bunlarla bağlı hər bir müraciət bir-bir araşdırlacaq və müvafiq qərarlar qəbul olunacaq. Məlum olduğu kimi, Arxitektura və Şəhərsalma Komitəsi tərəfindən də yaradılan portal vasitəsi ilə tikintiyə icazə sənədləri də bu istiqamətdə araşdırılır. Bundan sonra müvafiq qərar qəbul olunur. Yəqin ki, bu sistem vasitəsi ilə hər bir məsələ araşdırılacaq və vətəndaşın xeyrinə qərar veriləcək”.

TEMPİNFO.AZ

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37