Bulvar İdarəsi “1 manatlıq” şirkətə 200 min manat ödəyəcək

Bulvar İdarəsi “1 manatlıq” şirkətə 200 min manat ödəyəcək

Dənizkənarı bulvarın ərazisinin bəzi döşəmələri yenilənəcək.

TEMPİNFO İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı Dənizkənarı Bulvar İdarəsi hazırlıqlara başlayıb.

10 948 kvadrat metrlik ərazi ağ rəngli daşla, 3 572 kvadrat metrlik ərazi boz rəngli daşla, 595 pagon metr ərazi səki daşı ilə döşənəcək.

Bundan əlavə, 726 kub metr atsep, 44 kub metr qara qum və 58 ton sement istifadə olunacaq.

İdarə qeyd olunan məhsulları “Leads Group Supply” Məhdud Məsuliyyətli Cəmiyyətindən alacaq və bunun müqabilində 200 min manatlıq müqavilə bağlanılacaq.

Qeyd edək ki, “Leads Group Supply” 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Əvvəllər “FUTURO” Məhdud Məsuliyyətli Cəmiyyət olaraq fəaliyyət göstərən şirkət 2022-ci ilin mayında adını dəyişərək “Leads Group Supply” kimi fəaliyyətə başlayıb. MMC-nin hüquqi təmsilçisi Əhmədov Əli Vidadi oğludur. Nizamnamə kapitalı 1 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev ev 71-dir. “Leads Group Supply” indiyədək bir çox dövlət qurumlarının keçirdiyi tenderlərin qalibi olub və buna görə də dövlət qurumlarının tenderlərinin “sevimli” qalibinə çevrilib. Şirkət müxtəlif sənaye sahələrindəki müəssələri geniş çeşidli məhsullarla, elektrik və məişət malları, sənaye materialları ilə təmin etməklə məşğuldur.

Xatırladaq ki, bulvar ərazisində döşəmə örtüyü mütəmadi olaraq sıradan çıxır. Döşəmə daşlarının tez-tez yararsız hala düşməsi isə onun materialının keyfiyyətsiz olduğunu göstərir. Bu ilin əvvəlində də analoji hadisə ilə bağlı İdarəyə ünvanladığımız sorğuya cavab olaraq məsələdən xəbərdar olduqları və problemin aradan qaldırılacağı bildirilib.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37