Çağırışçıların nəzərinə!!!
- CƏMİYYƏTSON XƏBƏR
- 19.07.2024 02:00
Media nümayəndələrinin müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi prosesi ilə yaxından tanışlığı məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi Qiymətləndirmə Mərkəzinə mediatur təşkil olunub.
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, jurnalistlər müasir tibbi avadanlıqlarla təchiz olunmuş Mərkəzdə yaradılmış şəraitlə tanış olublar.
Bildirilib ki, Mərkəzdə ixtisaslaşmış peşəkar həkim-mütəxəssislər tərəfindən 4 kateqoriyadan olan çağırışçıların (sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında -“B” kateqoriyası, sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında – “Ç” kateqoriyası, dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında – “C” kateqoriyası, həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında – “D” kateqoriyası) yekun tibbi müayinəsi aparılır.
Tibbi Qiymətləndirmə Komissiyası yekun tibbi müayinə nəticələri əsasında aşağıdakı qərarlardan birini qəbul edir:
• yararsızlıq səbəbi eyni kateqoriyada üzrə təsdiqlənir;
• yararsızlıq səbəbi fərqli kateqoriya üzrə təsdiqlənir;
• yararsızlıq səbəbi heç bir kateqoriya üzrə təsdiqini tapmır.
Yekun tibbi müayinə prosesində şəffaflığın, çevikliyin və obyektiv yanaşmanın təmin olunması məqsədilə rəqəmsal infrastruktur da qurulub.
Nazirliyin “Tibbi şəhadətləndirmə” altsistemi hazırlanaraq həmin altsistemlə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və digər aidiyyəti qurumların informasiya bazalarının inteqrasiyası, elektron məlumat mübadiləsi imkanları təmin edilib.
Müayinə ilə bağlı məlumatlar müvafiq qurumlardan həmin altsistem üzərindən qəbul edilərək toplanır və yekun müayinələrin nəticələri həmin altsistemə daxil olunaraq rəsmiləşdirilir. “Vətəndaş qəbulu” altsisteminin tənzimlənərək “Tibbi şəhadətləndirmə” altsisteminə avtomatik inteqrasiyası təmin edilib.
Xatırladaq ki, yekun tibbi müayinə proseduru aşağıdakı kimidir:
• Çağırışçıya dair verilmiş rəy Mərkəzi Hərbi-Həkim Komissiyası tərəfindən təsdiqləndiyi halda çağırışçının yekun tibbi müayinəsinin aparılması üçün e-sistem üzərindən Agentliyin “Tibbi şəhadətləndirmə” altsisteminə göndəriş (Forma 44) daxil edilir.
• Göndəriş əsasında çağırışçı üçün əyani müayinəyə elektron növbə təyin olunur.
• Növbəlilik əsasında çağırışçılar Agentliyin həkimləri tərəfindən əyani şəkildə tibbi müayinələrdən keçirilir. Mərkəzdə funksional diaqnostik, instrumental və laborator müayinələr də aparılır.
• Müayinəyə dair qəbul olunmuş qərar elektron sistemə daxil edilir və qərar barədə çağırışçıya elektron qaydada məlumat verilir.