Casusluğu sübuta yetirildi – 16 il cəza aldı

Casusluğu sübuta yetirildi – 16 il cəza aldı

Xarici xüsusi xidmət orqanlarına casusluq etməkdə ittiham olunan Mirhafiz Cəfərzadənin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

TEMPİNFO “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Səbinə Məmmədzadənin sədrlik etdiyi məhkəmə tərkibi belə qənaətə gəlib ki, təqsirləndirilən şəxsə elan edilmiş ittiham kifayət qədər dəlil və sübut, həmçinin şahid ifadələri ilə öz təsdiqini tapıb.

Hökmə əsasən, M.Cəfərzadə casusluq formasında dövlətə xəyanətdə təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

İş materiallarından görünür ki, Mirhafiz Cəfərzadənin əməlləri Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən terrorçuluqla mübarizə tədbirləri zəminində əməliyyat-istintaq hərəkətləri həyata keçirilən zaman üzə çıxıb.

Müəyyən edilib ki, Cəfərzadə Mirhafiz Mirisaq oğlu xarici xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlıq edərək Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə verilmiş tapşırıqların yerinə yetirilməsi istiqamətində fəaliyyət göstərmiş, hərbi təyinatlı obyektlərin yerləşdiyi əraziləri dəqiqləşdirməklə onların lokasiyasını və digər məlumatları “Telegram” tətbiqi sistemi vasitəsilə göndərib.

Qeyd olunan əməllərinə görə, M.Cəfərzadə istintaqa cəlb edilib və ona qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham elan olunub.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37