“Cavanşir polisə şikayət etmişdi ki, Amin onu öldürməyə hazırlaşır” – Mərdəkanlı Aminin qardaşı və əmisi oğlunun cinayət işi

“Cavanşir polisə şikayət etmişdi ki, Amin onu öldürməyə hazırlaşır” – Mərdəkanlı Aminin qardaşı və əmisi oğlunun cinayət işi

Avqust ayında qətlə yetirilən Mərdəkanlı Aminin qardaşı Pərviz Cabir oğlu Xudaverdiyev və əmisi oğlu Seymur Adil oğlu Xudaverdiyevin növbəti məhkəmə prosesi keçirilib.

“Unikal”ın məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxslər ifadə verib.

Pərviz Xudaverdiyev danışmaqda çətinlik çəkib. Buna səbəb onun əsəb pozuntusu problemi olub:

“Cavanşir ailəmizə qarşı təhqiredici ifadələr işlətmişdi. Olayı xatırladıqca əsəbiləşirəm. İfadə verə bilməyəcəm. Xahiş edirəm istintaqda dediklərimi əsas götürün”.

Bu səbəbə görə, təqsirləndirilən şəxsin ifadəsi səsləndirilib.

O, istintaqa ifadəsində bildirib ki, ailəsinə qarşı səsləndirilən nalayiq ifadələr təqsirləndirilən şəxsin psixologiyasına pis təsir edib:

“Cavanşir mənim böyük qardaşımın qudasıdır. Onun qızı evləndiyi ilk illərdən sonra münaqişələr düşüb. Nəticədə o evli olduğu Elməddinlə boşanmaq qərarına gəlib. Məhkəmə boşanma zamanı əmlaklar barədə qərar çıxarıb. Bu da ailələr arasında problem yaratdı. Sonra Cavanşir ərizə ilə şikayət edərək qardaşı Aminin onu öldürməyə hazırlaşdığını bildirib. Sonra qardaşım onunla barışıq əldə edib. Bundan da sonra Cavanşir el arasında, yəni kənddə bizimlə bağlı etik olmayan sözlər yayırdı.

Ən sonda Ruslan Cəlilov adlı şəxs tiktokda mənim ailəm və qardaşımla bağlı nalayiq ifadələr səsləndirib. Anladım ki, ona bu məlumatları Cavanşir verib. Çünki videoların birində yalnız onun çəkə biləcəyi evimizə aid şəkil gördüm. Mənim sosial şəbəkəm yoxdur deyə bunu gec öyrəndim. Bu hadisə mənim psixologiyama pis təsir etdi. Düşüncələrə qərq olmuşdum. Günortadan sonra əmim oğlu Seymur bizə gəldi. Bizimlə söhbət etdi. Məni isə söhbətlərə qulaq asmırdım. O gedərkən Seymura Cavanşirgilə düşürməsini xahiş etdim. O mənə qabaqda su töküldüyünü və arxada əyləşməyimi xahiş etdi. O işıqfordan dönmədikdə səhv getdiyini söylədim. O davam etdi və biz Cavanşirin işlədiyi dükana getdik. Onu Kamazda gördüm və yadıma o anlar düşdü. Birdən özümü itirib saxla deyib maşını saxlatdırdım. Həmin vaxt Seymur da özünü itirib ani dayandı. Ondan sonra hadisə necə oldu xatırlamıram. Maşından necə düşdüm, Seymura nə dedim, Cavanşirin üzərinə necə getdim bilmirəm. Sadəcə onu xatırlayıram ki, Seymur mənə sənə nə olub Pərviz deyə qışqıranda özümə gəldim. Nə olduğunu anlayıb könüllü təslim oldum. Cavanşirlə problemim olmayıb. Lakin, qardaşım qızı və ailəmiz haqda danışdıqlarını qəbul edə bilmədim.

İstifadə etdiyim silahı hər zaman gizlətmişəm. Bundan evdəkilərin xəbəri olmayıb.

Mənim Cavanşiri öldürmək niyyətim olmayıb. Hər şey təsadüfən baş verib. Heç Seymurun da xəbəri olmayıb. O maşında əyləşmişdi. Hadisədən sonra da ona heç nə danışmamış, uzaqlaşmasını demişdim. Məni maşından düşürdəndə, evə çatdıqdan sonra

Seymura Cavanşiri vurduğumu söylədim. Daha sonra da təslim oldum.

O videonu da kiçik oğlum göstərmişdi. Ona baxdıqdan 2-3 gün sonra hadisəni törətmişəm.

Hadisədən öncəki gün silah üzərimdə olmayıb, əvvəllər isə olub. Silah Seymur bizə gəldiyi gün tezdən üzərimdə idi. Bu olayları heç kimə danışmamışam. Heç qardaşıma da.

Həmin videolarda qardaşımın, ailəmin şəkillərini yayımlayıb təhqir edirdilər.

“Mən əməlimdən peşmanam. Zərərçəkmişlərlə barışmışıq”.

Pərviz Xudaverdiyev Maştağada dispanserdə 2-3 dəfə yatdığını və müalicə aldığını söyləyib.

Seymur Xudaverdiyev ifadə verərək atəş səsini eşitdiyi bildirib: “Hər şey çox ani oldu, heç bir dəqiqə çəkmədi. Atəş açılması səsi eşitdim. Bunu eşidən an maşından düşmək istədim. Bu zaman Pərvizin gəldiyi gördüm. Ondan nə baş verdiyi soruşdum. O isə “sənlik deyil” deyərək maşını onun yaşadığı ünvana sürməyimi istədi.

Mən hadisəni tam görə bilmədim. Çünki maşının qabağında “KAMAZ” markalı avtomobil dayanmışdı. Mənim olayların başımdan xəbərim olmayıb. Əmim arvadım xəstə idi deyə getmişdim Pərviz gilə.

Pərviz polisə gedib təslim oldu. Mən də getdim onun qardaşına məlumat verməyə. Sonra birlikdə gəldik polisə. Hadisədən sonra Pərviz pis vəziyyətdə idi. Gözləri dolmuşdu, kədərlənmişdi.

Mənə dedi ki, Mübarizin anası xəstədi, gedək ora. Hadisədən sonra ora getdik. Ünvanı tanımırdım. Özü yolu göstərdi”.

Məhkəmə prosesi 23 oktyabr tarixinədək təxirə salınıb.

Qeyd edək ki, qətl hadisəsi ötən ilin noyabrın 1-də Xəzər rayonu Şağan qəsəbəsi ərazisində baş verib. 53 yaşlı Abdullayev Cavanşir Ruhulla oğlu revolver markalı tapança ilə qətlə yetirilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 38 yaşlı Xudaverdiyev Pərviz Cabir oğlu saxlanılıb. O, polisə gələrək təslim olub.

İstintaq araşdırması zamanı hadisənin törədilməsində iştirak edən daha bir nəfər Seymur Adil oğlu Xudaverdiyev də müəyyən olunaraq saxlanılıb.

2023-cü il noyabrın 1-də saat 17 radələrində Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində 1970-ci il təvəllüdlü Cavanşir Abdullayevin ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1985-ci il təvəllüdlü Pərviz Xudaverdiyevin aralarında yaranmış mübahisə zamanı “Revolver” tipli silahdan atəş açmaqla Cavanşir Abdullayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Pərviz Cabir oğlu  Xudaverdiyev də saxlanılıb. O, polisə gələrək təslim olub.
hadisəni törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Pərviz Xudaverdiyev ölən şəxsin qohumu olub.

Belə ki, C.Abdullayev Pərvizin əmisi Mərdəkanlı Aminin qudası imiş.

İlkin iddiaya görə, C. Abdullayevin oğlu Ruhulla bir müddət əvvəl Pərvizin bacısını qaçırıb. Belə ki, Ruhulla Pərvizin bacısını boşadığı üçün münaqişə yaranıb.

Mərhum C.Abdullayev quyu qazan texnikanın sürücüsü kimi, P. Xudaverdiyev isə qəssab kimi fəaliyyət göstəriblər.

Onu da xatırladaq ki, bu il avqustun 7-də saat 20 radələrində paytaxtın Xəzər rayonu Mərdəkan qəsəbəsində 1972-ci il təvəllüdlü Xudaverdiyev Amin Cabir oğlunun ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Abdullazadə Ruhulla Cavanşir oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

Amin Xudaverdiyev uzun illər Rövşən Lənkəranskinin tərəfdarları sırasında yer alıb. 2012-ci ildə Rövşən Lənkəranski ilə Nadir Səlifovun yaxın adamı Qoca ləqəbli Etibar Ələkbər oğlu Məmmədovun arasında insident yaşanarkən Amin Xudaverdiyev birincinin tərəfində dayanıb. Bundan sonra isə uzun illər Rövşən Lənkəranskinin sağ əli hesab olunub.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37