DİN və Dövlət Komitəsindən cağırış: Uşaqları təziyə məclislərinə aparmayın

DİN və Dövlət Komitəsindən cağırış: Uşaqları təziyə məclislərinə aparmayın

Daxili İşlər Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi vətəndaşlara müraciət edib.

TEMPİNFO xəbər verir ki, müraciət deyilir:

“Əziz həmvətənlər!

“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dini mərasimlər yalnız məscid və ziyarətgahların ərazisində keçirilməlidir.

Bütün mərasimlər zamanı, o cümlədən cari ilin iyulun 7-dən başlayan Məhərrəm ayında dini ibadət yerlərində təhlükəsizliyin təmin edilməsi və yollarda nəqliyyatın hərəkətinin tənzimlənməsi üçün müvafiq tədbirlər görülür.

Bəzi hallarda valideynlərin azyaşlı uşaqlarını dini ayinlərin icra olunduğu məkanlara aparması halları müşahidə olunur. Valideynlərdən xahiş edirik ki, kütləvi mərasimlərin keçirildiyi yerlərdə, o cümlədən təziyə məclislərində azyaşlı uşaqların iştirakının onların təhlükəsizliyi və sağlamlığı baxımından məqsədəuyğun olmadığını nəzərə alsınlar, habelə qanunvericiliklə icazə verilməyən hallara yol verilməməsinə diqqətlə yanaşsınlar.

Hər bir şəxsin həyatının, sağlamlığının, hüquqlarının, qanuni mənafelərinin qorunması məqsədi daşıyan bu müraciətə həssas yanaşacağınıza ümid edir, anlayışınıza görə təşəkkür edirik”.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37