Dövlət Məşğulluq Agentliyinin 258 milyon manatlıq tenderlərinin qalibi olan “Agro Best” şirkəti cərimələndi

Dövlət Məşğulluq Agentliyinin 258 milyon manatlıq tenderlərinin qalibi olan “Agro Best” şirkəti cərimələndi

Mal-qara satışı ilə məşğul olan “Agro Best” QSC gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə cərimələnib.

TEMPİNFO xəbər verir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş QSC ilə bağlı müraciətə baxılıb.

Hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib. Cərimənin məbləği açıqlanmayıb.

Xatırladaq ki, “Agro Best” 2020-ci ildə yaradılıb və qanuni təmsilçisi İsmayılov Anar Əlif oğludur.

“Agro Best” şirkəti Dövlət Məşğulluq Agentliyinin son illər ərzində milyonlarla manat dəyərində tenderlərinin qalibi kimi tanınır. Belə ki, açıqlanan məlumatlara əsasən, 2021-ci ildən bəri özünüməşğulluq layihəsi çərçivəsində şirkətlə Agentlik arasında dəyəri 258 milyon manatdan artıq satınalma müqaviləsi bağlanılıb.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37