Erkən mərhələdə tam sağalma şansı çox yüksəkdir – Həkim

Erkən mərhələdə tam sağalma şansı çox yüksəkdir – Həkim

“Bud-çanaq oynağının patologiyaları kiçik yaşlı uşaqlarda əzələ-skelet sistemi anomaliyaları arasında digər patologiyalarla müqayisədə daha çox rast gəlinir. Bu xəstəliklər əsasən qalça displaziyası və bud-çanaq oynağının anadangəlmə çıxığı kimi özünü göstərir. İnsan orqanizmində bud-çanaq oynağını bud sümüyü ilə qalça sümüyünün bir hissəsi olan asetabulum və onların ətrafındakı yumşaq toxumalar əmələ gətirir. Displaziya dediyimiz patologiya zamanı bu birləşmələrin inkişafında dəyişikliklər olur, qalça sümüyündə inkişaf ləngiyir və bud sümüyünün başının oynaqda normal quruluşu pozulur. Nəticədə, uşaq böyüdükcə bu proses daha aydın görünür və bud-çanaq oynağının çıxıqlarına səbəb olur”.

TEMPİNFO.AZ xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu Uşaq travmatologiya və ortopediya şöbəsinin həkimi İlham Şıxbabayev deyib.

O, bud-çanaq oynağının displaziyasının səbəbləri barədə də danışıb: “Bu patalogiyanın səbəbini açıqlamaq üçün bir çox nəzəriyyələr irəli sürülüb. Bunların arasında mexaniki faktorlar, hormonlarla bağlı oynaq boşluğu, qalçanın birincili olaraq inkişafdan qalması və genetik amilləri göstərmək olar. Mexaniki faktorlar dedikdə, uşağın ana bətnində duruşu nəzərdə tutulur. Çanaq gəlişi ilə doğulan uşaqlarda displaziyalara daha çox rast gəlinir. Həmçinin, bəzən uşaqların ayaqlarını qundaqlayaraq eyni vəziyyətdə saxlanılması displaziyaların rast gəlməsinə səbəb olur.

Hormonal faktorlar anadan keçən bəzi hormonlarla bağlı uşaqda oynaq bağlarının boşluğuna və displaziyalara səbəb olur. Genetik amillər çox önəm daşıyır. Əgər ailədə irsi olaraq bu patologiyaya rast gəlinirsə, onların uşaqlarında da rast gəlmə ehtimalı var”.

Mütəxəssis bud-çanaq oynağı displaziyası xəstəliyinə diaqnoz qoymaq üçün bir çox klinik, instrumental müayinələrdən istifadə olunduğunu bildirib: “Əsas diaqnostika üsullarına bud-çanaq oynağının ultrasəs və rentgenoqrafiya müayinəsi üsulları aiddir. Bəzən maqnit rezonans, kompüter tomoqrafiyası kimi daha geniş müayinə üsullarından da istifadə edilir. Hər bir instrumental müayinə həkim göstərişi ilə aparılır. Yenidoğulmuş uşaqlarda 6 aya qədər ultrasəs müayinəsi istifadə edilir, 4 aydan sonra rentgenoqrafiya müayinəsi aparıla bilər.

İlk 4 ayında rentgenoqrafiya müayinəsi uşaqlarda yetərsiz sayılır. Bunun səbəbi yenidoğulmuş uşağın bud-çanaq oynağını əmələ gətirən strukturların qığırdaqdan ibarət olmasıdır. Rentgenoqrafiya müayinəsində isə qığırdaq strukturlarının dəyərləndirilməsi mümkün deyil.

Ultrasəs müayinəsi ilə bud-çanaq oynağını əmələ gətirən yumşaq toxumalar, qığırdaq və sümük toxumasını dəyərləndirmək mümkündür. Ultrasəs müayinəsində alfa və beta bucaqlar qeyd olunur. Alfa bucağın 60 dərəcədən az olması displaziyanın əlamətidir və ortoped konsultasiyası məsləhətdir. 6 aydan sonra bud-çanaq oynağının dəyərləndirilməsində rentgenoqrafiya üsulundan istifadə edilir”.

İ.Şıxbabayev qeyd edib ki, bud-çanaq oynağı displaziyası zamanı erkən diaqnostika bəlkə də ən önəmli məsələdir: “Belə ki, diaqnoz nə qədər erkən dönəmdə – yenidoğulmuşun ilk 3 aylığında qoyularsa, müalicənin effekti o qədər yaxşı olur. Erkən diaqnoz qoyulan uşaqlarda sadə müalicə üsulları ilə xəstəliyi tam sağaltmaq mümkündür. Bu halda gecikən ağırlaşmalara az rast gəlinir və bud-çanaq oynağının geniş həcmli əməliyyatlarına ehtiyac qalmır. Bu xəstəliyin müalicəsi uşağın yaşından və patologiyanın hansı mərhələsində olmasından asılı olaraq, müxtəlif üsullarla aparılır. Bud-çanaq oynağının displaziyasının müalicə diaqnozu qoyulduğu gündən həyata keçirilir. Əks halda bu prosesin ağırlaşmağa doğru getməsi ehtimalı var. Çünki uşaq böyüdükcə displaziya bud-çanaq oynağının çıxığına çevrilə bilər. Bu xəstəliyi olan yenidoğulan və ilk 6 aylığına qədər olan uşaqların müalicəsi müxtəlif abduksion ortezlər deyilən, uşağın ayaqlarını aralı saxlayan vasitələrlə həyata keçirilir. Əgər 6 aylığından etibarən bu vasitələr kömək etməzsə, ümumi anesteziya altında çıxığın qapalı və ya açıq üsulla yerinə qoyulması icra olunur və uşaq 2-3 ay gips sarğısında qalır. Hər bir halda məqsəd bud sümüyü başını asetabulumda mərkəzləşdirmək və oynağın normal inkişafını təmin etməkdir. Gecikən hallarda, 1,5 yaş və daha çox olan uşaqlarda isə müxtəlif əməliyyatlar icra olunaraq müalicə aparılır. Displaziyanın erkən mərhələsində tam sağalma şansı çox yüksəkdir”, – deyə mütəxəssis əlavə edib.

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37