Ermənistan KTMT təlimlərinə məhəl qoymadı
- DÜNYASON XƏBƏR
- 05.08.2024 14:09
Avqustun 14-dən 16-dək Novosibirskdə (Rusiya) Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) “Kobalt-2024” təlimləri keçiriləcək.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Qvardiyasının Mətbuat Xidməti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, təlimdə Rusiya Federasiyası, Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstandan olan hərbi birliklər iştirak edəcəklər.
“Təlim iştirakçıları üç gün ərzində təcrübə mübadiləsi aparacaq və xüsusi təyinatlı bölmələr arasında qarşılıqlı fəaliyyət vərdişlərini təkmilləşdirəcəklər”, – deyə qeyd olunub.
Məlumatda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan Ermənistanın sözügedən təlimlərdə iştirakına dair informasiya yer almayıb.
Qeyd edək ki, hazırda KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan daxildir. Lakin Ermənistanın baş naziri Nikol Paşinyan sonuncu açıqlamalarından birində bəyan edib ki, ölkə təşkilatda iştirakını de-fakto dondurub.