Gədəbəydəki şok hadisə ilə bağlı yeni xəbər: “Başına ip bağlanan oğlan…”
- SEÇİLMİŞ
- 13.06.2024 16:05
Gədəbəydə həmkəndlisini alçaldan şəxslər saxlanılıblar. Hadisə rayonun Arıqıran və Əyrəvəng kəndlərinin ərazisində qeydə alınıb. İyunun 1-i saat 15 radələrində rayonun Çobankənd kənd sakini Səddam Əliyev, Arıqıran kənd sakinləri Təgin Əliyev və Cəbrayıl Hüseynov həmkəndliləri N.Kazımovu döyərək boğazına ip keçirib. Daha sonra N.Kazımovu dartaraq kənd ərazisində gəzdirib və S.Əliyevin qayınanasının ayağından zorla öpdürərək əzab veriblər.
Teleqraf.com hadisə ilə bağlı ətraflı məlumat öyrənmək üçün Arıqıran bələdiyyəsi ilə əlaqə saxlayıb.
Bələdiyyə sədri Teymur Heydərov kənddə baş verən hadisə ilə bağlı bunları deyib:
“Təəssüf ki, belə hadisə baş verib. Hadisə iştirakçıları hazırda polisdədilər, cinayət işi açılıb. Hadisədə bizim kəndlə yanaşı, başqa kəndlərin sakinləri də olub. Mənim bildiyimə görə, başına kəndir salınan oğlan Səddam adlı oğlanın ailəsinə söz atıb. Səddam iki dəfə evlənib, iki uşağı var.
Başına kəndir keçirilən oğlan Səddamın keçmiş həyat yoldaşı haqqında nələrsə deyib. Özü də toyda imiş. Səddam, haqqında söz deyilən qadının oğlu və digər şəxs onu toydan çağırıb, başına kəndir bağlayıb iməklədiblər. Ancaq qayınananın ayağını öpməsindən məlumatım yoxdur. Hadisənin nəticəsi nə olub, bilmirəm. Kənddə belə hadisə olmamalı idi”.
Bələdiyyə sədri qeyd edib ki, əvvəllər kənddə ailələr arasında belə hadisə baş verməyib:
“Bu, ilk belə xoşagəlməz hadisədir. İndi kənddə sakitlikdir. Deyilənə görə, barışıq olmayacaq. Zərərçəkən şəxslər barışığa getməyəcəklər”.
TEMPİNFO