General Sadıkovun ətrafında həbs dairəsi qapanır

General Sadıkovun ətrafında həbs dairəsi qapanır

Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə faktı ilə bağlı daha iki nəfərin də saxlanması sabiq Baş Qərargah rəisinə yeni təhlükə yaradır

Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə faktı ilə bağlı müxtəlif hərbi hissələrdə çalışmış daha iki maliyyə xidmət rəisi həbs edilib. Hər 2 xidmət rəisinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib. DTX-nin İstintaq Baş İdarəsi tərəfindən sabiq maliyyə xidməti rəisləri barəsində həbs-qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəməyə vəsatət verilib. Bakı Hərbi Məhkəməsi tərəfindən hər iki şəxs barəsində 4 ay həbs-qətimkan tədbiri seçilib. Hər iki şəxs istintaqı və məhkəmə baxışı davam edən işlər üzrə dövlət büdcəsinə dəymiş ziyanı hazıradək ödəmədiyi üçün barələrində hüquqi məsuliyyət tədbirlərinin görüldüyü məlum olub. Cəbrayıl Orucov Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmədə ifadə vermiş çoxsaylı şahidlərdən biri olub.

Cəbrayıl Orucov məhkəmədəki ifadəsində bildirmişdi ki, 2 hərbi hissədə və hərbi polisdə maliyyə xidmətinin rəisi vəzifəsində çalışıb. Onun sözlərinə görə, qanunsuz ödənişlərə yol veriblər, mənimsəmə faktları olub. Demişdi ki, hərbi hissələrdə maliyyə hesabı açılıb: “Dövlət büdcəsindən həmin hesablara ödəniş edilib. Biz də həmin pulları nağdlaşdırıb götürmüşük. Vəsaitin 60 faizini rəisimə vermişəm, 40 faizi isə özünə qalıb”.

Bildirmişdi ki, “ölü kart”lar yaradılıb, həmin kartların sahibləri olmayıb: “Pullar həmin kartlara köçürülüb. Hər ay 25 nəfərin adına ödəniş olub. Onlardan da 14-ü qadın olub. Bu əməkhaqqı cədvəlinin siyahısını hərbi hissə komandiri təsdiqləyib. Amma bu qanunsuzluqdan hərbi hissə komandirin xəbəri olmayıb”.

Cəbrayıl Orucov demişdi ki, 2 hərbi hissədəki mənimsəmələrdən ona ümumilikdə 800 min manat qalıb, qalan pulu isə təftişə gələnlər götürüb. Ötən prosesdə şahid qismində Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov ifadə verib. Hazırda həbsdə olan Məlikməmməd Qurbanov bildirib ki, polkovnik rütbəsindədir, 2019-cu ildə ordu sıralarından tərxis olunub. Məhkəmədə məlum olub ki, Məlikməmməd Qurbanov Müdafiə Nazirliyində baş verən 143 milyon manatlıq yeyinti ilə bağlı cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidmətindən aparılan istintaq zamanı məsuliyyətə cəlb olunub. Sonradan onun barəsində olan cinayət işi ayrıca icraata götürülüb və hazırda barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Prosesə sədrlik edən hakim bildirib ki, Məlikməmməd Qurbanov Nizami Məmmədov və digər şəxslərin cinayət işi üzrə şahid qismində dindirilməsi üçün dəvət olunub. O, məhkəmədə vəkili Ceyhun Hacıyevin iştirakı ilə dindirilib. Məlikməmməd Qurbanov bildirib ki, idarə rəisi olduğu dövrdə göstərişləri baş qərargah rəisi Nəcməddin Sadıkovdan alıb. Polkovnik qeyd edib ki, Nəcməddin Sadıkovun tapşırığı ilə Nizami Məmmədova iki dəfəyə pul verib: “Nəcməddin Sadıkov məni kabinetinə çağıraraq 2018-ci ildə 300 min, 2019-cu ildə isə 500 min manat verdi ki, Nizami Məmmədova çatdırım. Mən də həmin pulları Nizami Məmmədova çatdırmışam. Bu pulun Nizami Məmmədova nə üçün verildiyini bilməmişəm. Çünki bu barədə heç bir söz soruşmamışam, söhbətimiz də olmayıb. Mən Baş Qərargah rəisinin göstərişlərini icra etmişəm. Hansı şirkətlərlə bağlı müqavilə bağlamaq lazımdır, bunu da Baş Qərargah rəisi Nəcməddin Sadıkov göstəriş verib. Şirkətlərdən gələn təklifləri, eyni zamanda bağlanan müqavilələrlə bağlı Baş Qərargah rəisinə məruzə etmişəm. Baş Qərargah rəisi Nəcməddin Sadıkov da məni çağıraraq deyirdi ki, hansı şirkətlə müqavilə bağlamaq olar, hansı ilə olmaz. Şirkətlərlə bağlı aparılan komissiya üzvləri 12 nəfərdən ibarət olub. Burada bir neçə nazirliyin nümayəndəsi təmsil olunub. Komissiyanın sədri isə mənim müavinim olub. Tenderlərdə əsasən “Azərsun Holdinq” və onun törəmə şirkətlərinə iştirak etmək icazəsi verilib”.

Müdafiə Nazirliyində 143 milyon manatlıq yeyintiyə dair cinayət işində ortaya çıxan əsas korrupsiya üsullarından biri tenderlərdə qalib elan edilən şirkətlərin hesabına artıq vəsait köçürülməsi və həmin pulların sonradan geri alınmasıdır.

Məlikməmməd Qurbanov məhkəmədə deyib ki, Satınalmalar və Təchizat İdarəsinin rəisi olsa da, tenderlərdə hansı şirkətlərin qalib elan edilməsi, kimlərlə əməkdaşlığı məsələsində özü qərar verməyib. Polkovnik qeyd edib ki, Nəcməddin Sadıkovun tapşırığı ilə Nizami Məmmədova iki dəfəyə pul verib: “Nəcməddin Sadıkov məni kabinetinə çağıraraq 2018-ci ildə 300 min, 2019-cu ildə isə 500 min manat verdi ki, Nizami Məmmədova çatdırım. Mən də həmin pulları Nizami Məmmədova çatdırmışam. Bu pulun Nizami Məmmədova nə üçün verildiyini bilməmişəm. Çünki bu barədə heç bir söz soruşmamışam, söhbətimiz də olmayıb. Mən Baş Qərargah rəisinin göstərişlərini icra etmişəm. Hansı şirkətlərlə bağlı müqavilə bağlamaq lazımdır, bunu da Baş Qərargah rəisi göstəriş verib. Şirkətlərdən gələn təklifləri, eyni zamanda bağlanan müqavilələrlə bağlı Baş qərargah rəisinə məruzə etmişəm. Baş Qərargah rəisi də məni çağıraraq deyirdi ki, hansı şirkətlə müqavilə bağlamaq olar, hansı ilə olmaz. Şirkətlərlə bağlı aparılan komissiya üzvləri 12 nəfərdən ibarət olub. Burda bir neçə nazirliyin nümayəndəsi təmsil olunub. Komissiyanın sədri isə mənim müavinim olub”.

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, büdcə vəsaitini hansısa idarə rəisi götürüb cibinə qoya bilməzdi. Bilinirdi ki, burada yuxarı vəzifədə olanlardan kimlərinsə əli var: “Məlikməmməd Qurbanov ad çəkməklə bu günə qədər Nəcməddin Sadıkov barəsində olan ehtimalların əsaslı olduğunu təsdiqlədi. Bu işlərə Nəcməddin Sadıkovun da aidiyyəti xüsusi araşdırılmalıdır. Onun vəzifədə olduğu dövrdə mətbuatda korrupsiya cinayətləri ilə bağlı yüzlərlə yazı dərc olunub. Əgər həmin məsələlər qaldırılsa, araşdırılsa, Sadıkovun həbsi labüddür. Deməyim odur ki, onun həbsi üçün kifayət qədər əsaslar vardı, Məlikməmməd Qurbanov da cinayəti etiraf etməklə onun konkret adını çəkdi. Sadəcə, müvafiq tapşırıq verilməlidir ki, onu həbs etsinlər”.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37