“Gərək “Bravo” kimi zərərlə işləsinlər” – “Tamstore”un sürətlə açılması müzakirə yaratdı
- İQTİSADİYYATSON XƏBƏR
- 19.06.2024 18:16
Tez-tez qarşımıza çıxan yeni “TamStore” supermarketlərinin sahibi olan “Tam Store” MMC “Avrora Qrup” tərəfindən 2023-cü ildə yaradılıb. Şirkət 1 il ərzində 30-a yaxın supermarket açılıb və yəqin ki getdikcə sayı artacaq. Belə marketlərin sayının çox olması rəqəbət baxımından yaxşıdır. Ən azı müştəri cəlbi üçün müxtəlif kampaniyalar həyata keçirirlər. Sadəcə diqqətimi çəkən belə pərakəndə ticarət obyektlərinin kütləvi şəkildə eyni anda açılmasıdır. Adətən şirkətlər supermarketlərinin sayını tədricən artırır. Amma “TamStore” marketləri bazara tam hakim olmamış böyük şəbəkə şəklində bazara daxil olur. Bu marketlərə yolum düşməyib və bilmirəm digərlərindən fərqli nə təklif edir. Ancaq çox riskli addım atıblar.
TEMPINFO xəbər verir ki, bu sözləri iqtisadçı Samir Əliyev bildirib.
Ekspert vurğulayıb ki, ona iqtisadi əsaslandırmanı necə apardıqları maraqlı olduğu üçün mövzunu müzakirəyə çıxarıb.
“Ən azı “Avropa Qrup” istehsal etdiyi malları digərləri ilə müqayisədə ucuz sata bilər. Yəqin, ona da ehtiyac görməyiblər. Bazara ilk növbədə yeni məhsulla girmək lazımdır. Ölçü ikinci dərəcəlidir. Əlbəttə, qərarı verənlər 100 ölçüb 1 biçib. Havadan qərar verilməyib. Və biznesi və onun reallıqlarını da bizdən yaxşı bilirlər. Zərəri də özlərinin olacaq, xeyri də. Sadəcə, “Tamstore”unn belə sürətlə açılması mənə çox maraqlı gəldi. Yəqin, özlərinə çox arxayındırlar. Səhmdarın kim olması vacib olsa da, bu məsələdə rol oynamır. Gərək zərərlə işlətsinlər, necə ki “Bravo” zərərlə işləyir”, – Samir Əliyev sualları cavablandırarkən bildirib.
TEMPINFO