Hamı getdi quş gətirdi, AFFA da Santuş gətirdi
- İDMANMANŞETSON XƏBƏR
- 14.06.2024 15:47
“Hamı getdi, quş gətirdi, Şahqulu bayquş gətirdi” – bu atalar məsələni bir dəfə 2019-cu ilin fevralında xorvatiyalı Nikola Yurçevic bizim milli komandaya baş məşqçi təyin olunanda öz sujetimdə yada salmışdım.
Bu dəfə isə Şahqulu – yəni AFFA bayquş gətirməyib, Santuş gətirib.
Adlı-sanlı, 2016-cı ilin Avropa çempionu Fernando Santuşu. Gözlənilməz, təəccüblü seçimdir.
Zatən, AFFA-nın üzü rəhmətlik Ramiz Mirzəyevdən bəri bütün rəhbərlərinin dövründə milli ilə bağlı təəəcüb doğuran qərarları çox olub.
Əvvəla, AFFA baş məşqçi seçimində xeyli yubandı. Dekabrda baş məşqçi seçmək üçün AFFA-da yaradılan İşçi Qrupu demək olar heç bir işə yaramadı.
Aprelin 2-də assosasiyadakı rəhbər dəyişikliyindın sonra isə 2 aydan artıq baş məşqçi axtarıldı.
Nəhayət, Rövşən Nəcəfin AFFA prezidenti seçilməsinin düz 70-ci günü tamamlanarkən bu məsələyə nöqtə qoyuldu. AFFA-nın yeni prezidentinin fəaliyyətinin 70-ci günündə komanda 70 yaşlı Fernando Santuşa tapşırıldı.
Portuqaliyalı Azərbaycan millisinin 32 illik tarixi ərzində ən qoca baş məşqçi oldu. Ələkbər Məmmədov baş məşqçi olarkən 63, Əhməd Əlsəgərov 64, Berti Fotqs 62, Karlos Alberto Torres isə 60 yaşında idi.
Əlbəttə, normalda gələnə “xoş gədin” deyərlər. Amma AFFA uzun illər ağzımızı necə yandırıbsa, “Bəyin oğurlanması”nda deyildiyi kimi, durub qara toğlunu İsrafilin qonaqları üçün kəsməyə həvəsimiz yoxdur.
Santuş nəyə görə səhv seçimdir? Bəli, o, Avropa çempionudur. Amma hansı komanda, hansı heyətlə qazanıb bu uğuru?
Kriştianu Ronaldunun təkbaşına bir komandaya bərabər olduğu, Kuarejma, Nani, Pepe, Joao Mautinyo, Rui Patrisiu, Vilyam Karvalyunun ən yaxşı formada olduqları dövrün Portuqaliyası ilə!
Ona qədər və ondan sonra nə qazanıb bu məşqçi? Heç nə!
Yunanıstan millisində işlədiyi 2010-14-cü illərdə baş məşqçisi olduğu Yunanıstanla həm Avropa, həm dünya çempionatında qrupdan çıxıb. Vəssalam!
Amma bu, yunanlar üçün o zaman artıq böyük nəticə sayılmırdı, çünki 2004-cü ildə Otto Rehagel onları Avropa çempionu etmişdi.
Yunanıstandan sonra öz ölkəsinin komandasına 8 il rəhbərlik edib – 2014-dən 2022-ci ilədək.
Məşqçi karyerasının ən böyük uğuru AVRO-2016-da Portuqaliyaya qazandırdığı Avropa çempionluğudur. 2018-ci ilin dünya çempionatı və AVRO-2020-də Portuqaliya 1/8 finalda mübarizəni dayandırıb.
Qətər-2022-də də 1/4 finada. Qətərdəki mundialdan sonra istefaya göndərilən Santuş Polşa yığmasında cəmi 9 ay, bu ilin yanvarında təyinat aldığı “Beşiktaş”da isə cəmi 3 ay işləyib.
Yəni son illərdəki bu göstəricilər AFFA rəhbərlərinə nəsə demirmi?
Demirsə, sosial şəbəkələrdə “Beşiktaş” azarkeşlərinin bizə necə “başsağlığı” verməsinin, “ah-vay”larına baxsınlar. Adamlar az qala dəsmal götürüb bizim yerimizə ağlamaq istəyirlər.
Axı bu adam Levandovskinin, Milikin, Zilinskinin Polşası ilə bir nəticə qazana bilmədisə, meydanda yox ha, de Byazinin oyunöncəsi iclaslarında yorulduğunu deyən Mahir Emreli ilə nə qazana bilər ki?
Fernando Santuşun böyük uğur qazandığı 2 komanda olub – klub səviyyəsində 1998-2001-ci illərin “Porto”su, bir də AVRO-2016-nın Portuqaliyası.
AEK-lə Yunanıstan Kubokunu qazanmağını da nəzərə alsaq, demək, o, hazıra nazir məşqçilərdəndir. Güclü heyət ver, nəticə göstərsin.
O da davamlı yox. Bizim kimi sınıq-salxaq heyətə malik komandalarla 70 illik həyatında heç vaxt uğur qazanmayıb.
Artıq təqaüd yaşı da keçmiş Santuş sizcə, rayonbarayon gəzib Azərbaycan Premyer Liqasının oyunlarını izləyəcək?
O bizim futbolu, mentaliteti öyrənincə, Millətlər Liqası da başa çatacaq, bizə yenə kimlərəsə həsəd aparmaq qalacaq.
Axı məşqçini heyətə, komandanın potensialına əsasən seçərlər. Qarşısına da konkref hədəf qoyarlar ki, sənə bu qədər məvacib verilir.
Səndən də bu nəticə istənilir. Yoxsa mücərrəd anlaşılan seçmə mərhələdə uğurlu çıxış nə deməkdir ki?
AFFA rəhbərliyi nəyi uğur sayacaq, Millətlər Liqasında qrupda Estoniyanı qabaqlamağı, yoxsa qrup qalibi olmağı?
Doğru-düzgün hədəf strategiyamız bilinmədiyi üçün də miliyə belə uyğunsuz baş məşqçilər gətirilir də.
Bizə həm futbolumuza, həm mentalitetə bələd gənc, enerjili, işləmək, özünü sübut etmək həvəsi olan məşqçi lazımdır. Daha Santuş kimi bitmiş biri yox.
Ramiz Mirzəyev 1970-ci ilin dünya çempionu Karlos Alberto Torresi Azərbaycana millisinə gətirib bihörmət etdi.
Rövnəq Abdullayev həm futbolçu, həm məşqçi kimi Avropa çempionluğu qazanmış Berti Foqtsu pula şirnirkləndirib bura gətirdi, o da o cür urvatsz oldu.
İndi Rövşən Nəcəf 2016-cı ilin Avropa çempionu olan məşqçini təqaüdə hörmətsizcəsinə çıxmasına vəsilə olmaq istəyir, deyesən.
Nə deyək, qocalar bura pul qazanmaq üçün gəlib. Nüfuzları, hörmətləri özlərinin vecinə deyilsə, bəzə nə?
Amma AFFA bu ölkənin də axı. Milli komanda bizimdir axı. Bizi öz dərdimiz yandırır.
İlkin Fikrətoğlu