“Haradan götürüb, deyib, bilmirəm…” – Siyavuş Novruzov
- SİYASƏTSON XƏBƏR
- 10.07.2024 19:00
“Yeni Azərbaycan Partiyasının vahid seçki siyahısı İdarə Heyəti tərəfindən təsdiq olunur və elan edilir. Bugünkü günə qədər hələ İdarə Heyəti tərəfindən kimin hansı dairədən namizəd olacağı ilə əlaqədar qərar qəbul edilməyib. Odur ki, mətbuatda bununla bağlı dərc olunan ayrı-ayrı məlumatlar doğru deyil”.
Bunu Milli Məclisin komitə sədri, YAP-ın Mərkəzi Seçki Qərargahının üzvü Siyavuş Novruzov Musavat.com-a açıqlamasında bildirib.
Qeyd edək ki, mətbuatda S.Novruzovun namizədliyini irəli sürəcəyi seçki dairəsi ilə bağlı iddia dərc olunub. Bildirilir ki, guya o, Yeni Azərbaycan Partiyasının üzvü kimi seçki yarışına Naxçıvan Muxtar Respublikasından, 5 saylı Babək-Naxçıvan-Culfa Seçki Dairəsindən qatılacaq və artıq bununla bağlı üzvü olduğu hakim partiyadan razılıq alıb.
Qeyd edək ki, ötən həftə S.Novruzov haqqında daha bir şayiə xarakterli xəbər yayılmışdı. İddia olunurdu ki, guya o, parlament seçkilərinə qatılmayacaq. Amma YAP-çı deputat xəbəri təkzib edərək, bununla bağlı YAP İdarə Heyətinin qərar verəcəyini açıqlamışdı. Budəfəki xəbərlə bağlı Musavat.com-a danışan S.Novruzov dedi ki, YAP İdarə Heyətində bütün dairələr üzrə namizədlər müəyyənləşəndən sonra yekun siyahı tam şəkildə açıqlanacaq: “Burada fərdi qaydada heç bir məsələ yoxdur. Bunu Sərdar Cəlaloğlu deyib. Haradan götürüb, deyib, bilmirəm. Çünki əvvəllər mənim seçildiyim dairə 5 saylı olub. İndi isə tamam başqa əraziləri əhatə edir. O öz düşüncəsi ilə götürüb belə bir söz deyib. Amma bu Sərdar Cəlaloğlu MSK-dır, YAP-dır? Məgər o müəyyənləşdirirmi ki, mən hansı dairədən seçkiyə gedəcəyəm, yaxud da getməyəcəyəm? Biz hamımız partiyanın qərarını gözləyirik. Heç kəs belə şayiələrə uymasın. Partiya qərar verdikdən sonra hər bir namizəd öz dairəsini biləcək və həmin dairə üzrə hərəkət edəcək”.
YAP-ın seçki siyahısını nə zaman açıqlayacağına gəldikcə, S.Novruzov bunu bildirib: “Yaxın günlərdə yəqin ki, partiyanın İdarə Heyəti toplaşıb qərarını verəcək”.