Həftənin 5 gününü Naxçıvanda, 2 gününü isə Bakıda keçirən məmurlarımız…

Həftənin 5 gününü Naxçıvanda, 2 gününü isə Bakıda keçirən məmurlarımız…

Vasif Talıbovdan sonra Naxçıvanda yaşanan qəribəliklərdən biri də, yeni məmur korpusunun həftənin 5 gününü Naxçıvanda, 2 gününü isə Bakıda keçirmələridir.

TEMPİNFO xəbər verir ki, bu barədə tanınmış jurnalist Məhəmməd Qəribli yazıb.

O, vəziyyəti belə izah edib: “Son dəyişiklərdən sonra, Naxçıvandakı rəhbər postlara Bakıda yaşayıb, işləyən çoxlu sayda məmur təyinat alıb. Çox gözəl, buna heç kim etiraz edə bilməz. Hər bir Azərbaycan vətəndaşının ölkənin istənilən yerində yaşamaq və işləmək hüququ var.

Ancaq bu hüquq şəxsin tutduğu dövlət postuna səhlənkar münasibəti ortaya qoymamalıdır. Bu adamlar günlərini demək olar ki, Bakı-Naxçıvan, Naxçıvan-Bakı aviareysində keçirirlər.

Çünki vəzifəyə təyinat alan məmur bəylərin və xanımların demək olar ki, hamısının ailəsi Bakıda yaşayır. Bəlkə sən 5 il həmin postda işləməli oldun. Belə də getməlidir?”

Onun sözlərinə görə, ailəsi Bakıda özü isə Naxçıvanda olan adamın əli işə yatmaz: “Həftə sonunu gözləyəcək ki, qaçsın Bakıya. Necə ki bu, baş verir. Bir faktı da deyim ki, bu, həm də xeyli xərc deməkdir.

Bir adamın ayda 4 dəfə Naxçıvandan Bakıya, ordan da geri qayıtması üçün min manata yaxın xərc tələb olunur. Bunlar nə qədər maaş alır ki, onun 1000 manatını yola xərcləyirlər?”

Jurnalist bildirir ki, dövlət qurumları AZAL-a sorğu verib dediklərinin doğru olduğuna əmin ola bilərlər: “Vallah, maliyyə səbəbindən mən ildə bir dəfə ancaq Naxçıvana gedə bilirəm.

Əslən Naxçıvandan olan, lakin Bakıda yaşayan vətəndaşlarımız biletin baha olması səbəbindən doğmalarının yas mərasimində belə, tam ailə tərkibi ilə iştirak edə bilmirlər. Maşallah olsun, bizim yeni məmurlarımız isə bu marşrutu “su yoluna” döndəriblər”.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37