Hər şey üçün pulu AFFA verəcəkdisə, Oqtay Abdullayev qalıb işləyərdi də… – “Turan Tovuz”

Hər şey üçün pulu AFFA verəcəkdisə, Oqtay Abdullayev qalıb işləyərdi də… – “Turan Tovuz”

Ehtiram Quliyev “Turan Tovuz”a rəhbər gələndə çox sevinmişdik. Məqsədi, müəyyən müddəti əhatə edən layihəsi olan iş adamı bölgə klubunu dirçəltmək istəyirdi. İlk vaxtlar hər şey qaydasında gedirdi. İdarə Heyətinin sədri infrastrukturu yaxşılaşdırmağa çalışır, idman nəticələrini əsas götürmürdü. Klubun inkişafı üçün əla strategiya idi.

Nə oldusa, ötən mövsümün gedişində vəziyyət dəyişdi. Zaman-zaman fərqli niyyətləri hiss olunan Ehtiram bəy baş məşqçi ilə bağlı qəfil qərarını verəndə səmimiliyini şübhə altına saldı. Abbasov ideal məşqçi deyil, yola salınmasında da qeyri-ad nəsə yoxdur. Amma bir həftə öncə tərif yağdırdığın, 3 illik müqavilə bağladığın birini qəfil yola salırsansa, deməli, ortada nəsə var. Ayxan bəy rəhbərliyin istəyi ilə ayrıldığını dilə gətirib, klub rəhbərliyi isə susmağı üstün tutur. Quliyev səbəbi izah etməyənə kimi belə də davam edəcək.

“Turan Tovuz” ardıcıl müqavilələrlə yeni mövsümə hazırlaşmaqdadır. Amma çoxsaylı anlaşmalar hələ komandanın güclənməsi anlamına gəlmir. Sadəcə, heyətdə olan və müqavilə müddəti bitən futbolçularla əməkdaşlıq müddəti artırılır. Yeni gələn kimsə yoxdur, qalanlar isə yalnıız maaş artımına nail olanlardır.

Tovuzluların hətta belə fəallığı da anormal görünür. Azarkeşlər bu oyunçulardan ibarət komandanın nəticəsindən narazı idi, rəhbərlik isə məhz onlarla davam etmək qərarı verib. Aparıcı futbolçulardan Denis Marandiçini razı salmaq mümkün olmayıb, əvəzində bir çox yerli oyunçu ilə əvvəlki maaşının 2-3 qat artığına razılıq əldə edilib.

Bircə Ayxan Abbasov baş məşqçi postunda deyil. Rəhbərlik onun özünə yox, yığdığı heyətə güvənməyi lazım bilib. Elə təkcə bu fakt klubun baş məşqşi ilə yolları ayırmasına peşman olmasının göstəricisidir. Abbasovun seçimləri hələ də tovuzlular üçün prioritetdir.

Bu məqamda da klub rəhbərliyinin naşılığı özünü göstərir. Yeni baş məşqçini müəyyənləşdirmədən heyəti komplektləşdirmək yanlışdır. Gələcək çalışdırıcı bu futbolçuların hamısını istəyəcəkmi? Bəlkə müqavilə bağlanan futbolçulardan kimsə yeni məşqçinn oyun tərzinə uyğun gəlməyəcək? O zaman həmin futbolçulara xərclənən pullar havaya sovruluş olmayacaqmı?

Hadisələrin gedişi göstərir ki, ya Ehtiram bəy bu müddət ərzində futbolu hamıdan yaxşı qavradığını düşünür, ya da məsləhətçiləri onu səhv istiqamətləndirib. Bəlkə də ən doğrusunu elə “Turan Tovuz” edir, zamanla sübut edəcəklər. İndiki mənzərə isə Qulliyevin səhv addımlarını ifşa edir.

Heyətlə, yeni mövsüm üçün komanda quruculuğu ilə bağlı addımların doğru görünmədiyini yazmışıq. Pis olan Ehtiram bəyin futbolla bağlı digər addımlarının da yanlış olmasıdır. Qısaca onu yazaq ki, “Turan Tovuz”a gəldiyi günlə müqayisədə bu şəxs çox dəyişib. İşgüzar görkəmli Quliyevlə düzgün hesablanmamış qərarlar verən Quliyev arasında ciddi fərq var.

Faktiki Tovuzda çox şey dəyişməyib. Tablonun quraşdırılması və işçilərin əməkhaqqılarının artırılması müsbət addımlarıdır. Amma kluba ciddi sponsor gəlibsə, bütün bunlar dəryada damla misalıdır. “Turan Tovuz” maliyyə bolluğuna həsrətdir, klub rəhbərliyi yırtıqlara yamaq vurmaqla məşğuldur, hansısa kompleks işlər görülmür.

Ehtiram bəyin gəlişindən sonra Tovuz stadionunda işıqlandırma sistemi quruldu. Bu, çox müsbət addım idi. Amma zaman göstərdi ki, iş keyfiyyətli görülməyib. Tarixin də yadından çıxan “Bakı”nın bazasından aparılan köhnə dirəklərin istismar müddəti bəlkə də başa çatıb, bəlkə də yerli iqlimə uyğunluğu yoxlanılmayıb. Ona görə də ötən mövsümün gedişində güclü küləyə davam gətirməyən projektor sütunları oyunun gedişindəcə başını yerə qoydu. Bəxt gətirdi, mümkün faciə yaşanmadı, amma futbola AFFA prezidenti olmaq kimi gizli niyyətlə baş vuran Quliyevin imicinə xələl gəldi.

Ən pisi odur ki, yenə nəticə çıxarılmayıb. Klub rəhbərliyi faciə təhlükəsi yaradan hadisənin nəticələrini aradan qaldırmaq üçün dirəkləri dəyişmək, daha da sağlamlaşdırmaq əvəzinə onları uzun müddət işlənmiş başqaları ilə əvəzləyir. Bizdə olan bilgiyə görə, “Sumqayıt”dan 100 min manata quraşdırılması üçün “yeni” dirəklər alınaraq bölgəyə aparılıb. Bu dirəklər bir neçə ilə “kimyaçılar”ın bazasında “yatıb”, ehtiyat meydançada quraşdırılması belə lazım bilinməyib. Ən pisi isə odur ki, həmin dirəklər vaxtilə Lənkəran Olimpiya Kompleksindən sökülərək Sumqayıta gətirilmişdi. Yəni, köhnənin köhnəsidir və yəqin ki, növbəti faciə yaşanmadıqca yırtığa yamaq vurulması prosesi davam edəcək.

Ehtiram bəy Tovuza gəldiyi ilk vaxtlar əsas meydançanın qazonunu dəyişməkdən, yeni məşq meydançası salmaqdan dəm vururdu. Bunun üçün çox ucuz qiymətə kifayət qədər geniş ərazi də alındı. Məhz futbola görə güzəştlə verilən həmin ərazi indi salınacaq meydançanın həsrətindədir. Ehtiram bəy isə AFFA-dan yardım gözləyərək işi yubadır.

“Turan Tovuz”dan tez-tez meydanın salınması üçün AFFA-nın yardım etməməsi barədə etiraz-eyham eşidirik. Axı, niyə? Dövlət zatən AFFA-nın vasitəsi ilə bütün klublara maliyyə yardımı edir, sponsorlar məhz daha çox iş görülməsi üçün lazımdır. Ki, onların özünə də klublara sponsorluq etdiyi üçün güzəştlər edilir, “kanallar açılır”. Ehtiram bəy də “Hüner Group”un yox, AFFA-nın pulunu xərcləyəcəkdisə, hər şey üçün pulu assosiasiya verəcəkdisə, o zaman elə sabiq prezident Oqtay Abdullayev qalıb işləyərdi də…

Domino yoldaşlarının sözü ilə futbol idarə olunmaz, klubu bahalı oyuncaq sayanların aqibəti hamıya bəllidir. İnkişaf üçün dost-tanışın xahişi yox, dəqiqliklə əməl olunacaq düzgün strategiya lazımdır. Quliyev gəldiyi vaxtlar verdiyi vədlərə xəyanət etmiş təsiri bağışlayır. Elə olmadığını sübut etməsi üçün ona tribuna verməyə hazırıq. Susduqca belə görünəcək.(futbolinfo.az)

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37