Hidayət Heydərov dünya çempionu olub
- İDMANMANŞETSON XƏBƏR
- 20.05.2024 20:08
BƏƏ-nin paytaxtı Abu-Dabidə keçirilən cüdo üzrə dünya çempionatı davam edir.
TEMPİNFO.AZ xəbər verir ki, yarışın ikinci günündə daha üç çəkidə mükafatçılar bəlli olub.
Kişi cüdoçular 66 kq və 73 kq çəkidə mübarizə aparıb. Qadınlar isə 57 kq çəkidə ən güclüləri müəyyənləşdirib. Azərbaycan yığmasının 4 cüdoçusu tatamiyə çıxıb. Onlardan Hidayət Heydərov dünya çempionatında qızıl medal qazanıb.
Kişilər
66 kq
İkinci mərhələdən yarışa start verən Yaşar Nəcəfov startda Baul Anla (Cənubi Koreya) güləşib və məğlub olub.
Kamran Süleymanov ilk görüşündə Mohamed Abdelmavqouda (Misir) uduzub.
73 kq
Millimizin lideri Hidayət Heydərov ikinci mərhələdən mübarizəyə başlayıb. Akil Qyakovaya (Kosovo) qalib gələn dördqat Avropa çempionumuz 1/8 finalda Salvador Roça (İspaniya) ilə münasibətinə aydınlıq gətirib. O, növbəti qələbəsini qazanaraq 1/4 finala yüksəlib. Ardınca Daniel Karqninə (Braziliya) qalib gələn cüdoçumuz yarımfinala adlayıb. Finalın bir addımlığında İqor Vandtkeni (Almaniya) məğlub edən Hidayət həlledici görüşə vəsiqə qazanıb. Titul uğrunda qarşılaşmada onun rəqibi Tatsuki İşihara (Yaponiya) olub. Vazzari xalı ilə geridə olan Hidayət sona 10 saniyə qalmış ippon fəndi işlədərək, dünya çempionu tituluna yiyələnib.
Qadınlar
57 kq
Acelya Toprak ilk mərhələ Bayit Kussakbayevaya (Qazaxıstan) qalib gəlib, ardınca Telma Monteyrodan (Portuqaliya) güclü olub. O, 1/8 finalda Mimi Huha (Cənubi Koreya) uduzub.
Qeyd edək ki, ilk yarış günündə tatamiyə çıxan 3 cüdoçumuz mundiala medalsız vida edib.