“Holcim Azərbaycan” gəlirlərini necə artırıb? – Süni qiymət artımı…
- CƏMİYYƏTMANŞETSON XƏBƏR
- 07.08.2024 17:40
Azərbaycanın ilk sement istehsalçılarından olan “Holcim Azərbaycan” ASC (Qaradağda yerləşən sement zavodu) ötən ilin maliyyə hesabatını açıqlayıb.
Şirkətin hesabatında “Holcim Azərbaycan”ın bir xeyli varlandığı və böyüdüyü qeyd edilib.
Belə ki, şirkət 2023-cü ili 12 milyon 922 min manat xalis mənfəət ilə başa vurub. Nəticədə, “Holcim Azərbaycan” şirkətinin xalis mənfəəti 2023-cü ildə 2022-ci illə müqayisədə 6 milyon 309 min manat və ya 95,4% (təxminən 2 dəfə) artıb.
Şirkət gəlirlərinin artdığını da bəyan edib. Belə ki, “Holcim Azərbaycan”ın satışdan gəlirləri 2022-ci ildə 145 milyon 568 min manat olduğu halda, 2023-cü ildə bu rəqəm 166 milyon 535 min manata yüksəlib (20 milyon 967 min manat və ya 14,4% artıb).
Şirkət onu da açıqlayıb ki, 31 dekabr 2023-cü il tarixində “Holcim Azərbaycan” 299 milyon 682 min manat cəmi aktivlərə malik olub. Ötən il üçün isə bu rəqəm 280 milyon manat təşkil edibmiş. Tribunainfo.az bildirir ki, “Holcim Azərbaycan” şirkətinin gəlirlərinin artması və böyüməsi heç də təbii vasitələrlə baş verməyib. Çünki şirkət 2023-ci ildə xammalın qiymətinin sabit olmasına rəğmən, süni qiymət artımına gedib. Apardığmız müşahidələr zamanı bəlli olub ki, 2022-ci ildə 400 markalı sementin bir tonu 108 manat olduğu halda, 2023-cü ildə bu rəqəm 148 manat təşkil edib. Hazırda isə “Holcim Azərbaycan”ın istehsal etdiyi sementin bazarda satış qiyməti 170 manata yaxındır.
Ekspertlər bildirirlər ki, belə qiymət siyasəti şirkətin böyüməsi üçün əsas ola bilməz. Ona görə ki, məsələ istehsal gücünün artması sayəsində böyüməkdən deyil, məqsədli şəkildə məhsulun qiymətinin artması ilə bağlıdır. Onlar hesab edirlər ki, “Holcim”in böyüməsi alıcıların cibinə girmək nəticəsində reallaşıb ki, bu da yolverilməzdir. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. /pravda.az