İcra başçısının oğlunu qətlə yetirənlər Avropa Məhkəməsində qalib gəldilər – SENSASİYA

İcra başçısının oğlunu qətlə yetirənlər Avropa Məhkəməsində qalib gəldilər – SENSASİYA

Avropa İnsan Hüquqları Məhkəməsi Qobustan həbsxanasının məhbusu Vüqar Əliyevin şikayətini təmin edib.

TEMPİNFO xəbər verir ki, bu barədə məhkəmənin saytında bildirilir.

Əliyev 2003-cü ildə Şəmkir rayonunun ovaxtkı icra başçısı Aslan Aslanovun oğlunun qətlinə görə ömürlük həbs cəzasına məhkum edilib. Qətl onun nişanlısı Lamiyə Quliyevanın qisasını almaq məqsədilə törədilib.

Quliyeva da 15,5 il müddətinə azadlıqdan məhrum edilib, lakin 2015-ci ildə vaxtından əvvəl azaldığa buraxılıb.

2021-ci ildə Əliyevin ömürlük həbs cəzası 25 il müddətinə azadlıqdan məhrumetmə ilə əvəzlənib. O, Avropa İnsan Hüquqları Məhkəməsi qarşısında ədalətli məhkəmə araşdırması və səmərəli hüquqi müdafiə vasitələrinə malik olmaq hüququnun pozuntusunu mübahisələndirmişdi.

Avropa İnsan Hüquqları Məhkəməsi bu işdə ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına qərar verib və hesab edib ki, məhkəmə dinləmələrinin açıqlığı prinsipi pozulub, habelə, cinayət prosesi həddindən artıq uzun davam edib. Qərara əsasən, ərizəçiyə ümumilikdə 5500 avro kompensasiya ödənilməlidir.

Bu gün Strasburq məhkəməsi Əliyevin işi ilə yanaşı, Azərbaycandan 13 ərizə üzrə 7 qərarı elan edib və hökumətin 80 min avro kompensasiya ödəməsini qərara alıb. Bəzi işlər üzrə tərəflər dostca anlaşıblar./turan.az

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37