İpoteka faizləri azaldılır? – VACİB AÇIQLAMA

İpoteka faizləri azaldılır? – VACİB AÇIQLAMA

İpoteka və Kredit Zəmanəti Fondunun nizamnamə kapitalı 87.7 milyon manat artırılaraq 1 milyard 68 milyona manata çatdırılıb. Bununla bağlı Azərbaycan Prezidenti fərman imzalayıb. Nizamnamə kapitalının artırılması dövlət büdcəsindən güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün 87 milyon 700 min manatın ayrılması ilə mümkün olacaq.

Hazırda ipoteka kreditləri ilə bağlı cəmiyyətdə çətinlik yaradan digər bir faktor isə faiz dərəcələrinin xeyli yüksək olması ilə bağlıdır. Yaxın gələcəkdə ipoteka faizlərində də güzəştlərin tətbiqi gözləniləndirmi?

TEMPİNFO xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, hələlik bununla bağlı hansısa irəliləyiş yoxdur:

“Bu təşəbbüs, təbii ki, çox yaxşı olardı. İpoteka Fondunun vasitəsi ilə verilən kreditlərdə aşağı faiz dərəcələri ilə gənc və sosial ipotekaya düşən ailələrə verilməsi cəmiyyət olaraq hamımızın istəyidir. Amma hələlik faiz dərəcələri ilə bağlı ciddi bir irəliləyişin olması görünmür. Bununla bağlı ümumiyyətlə, müzakirələr yoxdur.

Digər tərəfdən, İpoteka Fondunda kreditlərin verilməsi məsələsində bəzi dəyişikliklərə ehtiyac var. Çünki fondun verdiyi ipoteka kreditlərinin böyük çoxluğu Bakı və Abşeronun payına düşür. Bu doğru deyil”.

Ekspertin fikrincə, regionlarda aşağı faizlə ipoteka kreditlərinin verilməsi müsbət nəticələr verə bilər:

“Regionlarda daha aşağı faizlə ipoteka kreditlərinin təklif olunması praktikasına keçmək lazımdır. Məsələn, Gəncədə, Lənkəranda, Qubada, Mingəçevirdə, habelə Azərbaycanın digər şəhərlərində nisbətən aşağı faizlə ipoteka kreditinin verilməsi, əhalinin mənzil təminatı, o cümlədən bu regionlarda iş yerlərinin yaradılmasına, iqtisadi fürsətlərin artmasına səbəb ola bilər”.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37