İstirahət mərkəzində dostlar arasında hesab üstündə qanlı dava – TƏFƏRRÜAT
- HADİSƏSON XƏBƏR
- 01.06.2024 17:59
Masallı rayonunda 1978-ci il təvəllüdlü Rabil şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Asimana xəsarət yetirib.
TEMPİNFO-nun məlumatına görə, hadisə 15 dekabr 2023-cü ildə Masallı rayonu, Qəriblər kəndində yerləşən “Turist” restoranında baş verib.
Rabil həmin restoranın həyətində tanışı Asiman ilə restoranda sifariş etdikləri yeməyin pulunun ödənilməsi ilə əlaqədar aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı bıçaqla onu vurub.
Hadisəni törədən Rabilin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rabil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Masallı rayonu, Bədəlan kənd sakini Asiman həmkəndlisidir, əvvəllər aralarında hər hansı bir şəxsi qərəzlik olmayıb: “Dekabrını 14-də, təxminən saat 18 radələrində tanışım Mahir ilə birlikdə yaşadığımız kənd ərazisində olarkən sonuncu Asiman tərəfindən yaşadığı evə soyuducu və paltaryuyan maşını yük avtomobilindən düşürtməyə köməklik etməkdən ötrü çağırıldığını dedi. Yükün ağır olacağından mənim də gəlməyimi xahiş etdi. Mahir ilə birlikdə Asimanın yaşadığı evin həyətinə gəldik. Dövlət qeydiyyat nişanını xatırlamadığım “Qazel” markalı yük avtomobilindən 1 ədəd soyuducu və 1 ədəd paltaryuyan maşını Mahir ilə birlikdə Asimanın yaşadığı evə daşıdıq. “Qazel” markalı yük avtomobilinin tanımadığım sürücüsü getdi. Mahir və Asiman ilə birlikdə sonuncunun işlətdiyi çayxanaya getdik. Asiman məni və Mahiri etdikləri köməkliyə görə restoranda yemək məclisinə dəvət etdi. Asimana etiraz etmədik. Çayxananın qarşısında dayanmış Böyük Kolatan kənd sakini Yaşar Hacıyevin idarə etdiyi “Vaz-21011” markalı taksi avtomobili ilə Masallı rayonu, Qəzvinoba kəndində yerləşən “Bülbülə” adlanan restorana yemək üçün getdik. Orada Asiman, Mahir və taksi sürücüsü Yaşar ilə birlikdə yemək yedik, spirtli içki qəbul etdik. Sürücü Yaşar isə avtomobil idarə etdiyindən spirtli içki qəbul etmədi”.
Təqsirləndirilən şəxs qeyd edib ki, təxminən saat 23 radələrində yeməyi bitirib, Asiman gec olduğu üçün durub evə getməyi təklif edib: “Asiman restoranda yediyimiz yeməyə görə 60 manat pul ödədi. Restorandan çıxarkən Asimana Masallı rayonu, Qəriblər kəndində yerləşən “Turist” istirahət mərkəzinə viski içmək üçün getməyi təklif etdim. Asiman və Mahir razılaşdı. Sürücü Yaşar da hara getmək lazım olsa, apara biləcəyini və taksi pulunu alacağını dedi.
Avtomobilə əyləşdikdə 25 manat pul taksi sürücüsü Yaşara verdim. Yolda olarkən Asiman Bədəlan kəndində yerləşən atasının işlətdiyi spirtli içkilərin satışı mağazasından bir ədəd şüşə butulkada spirtli içki olan viski aldı. Viskinin pulunun 20 manatını özü, 80 manatını isə Asiman verdi. “Turist” restoranında tutacaq hesabı da Asiman ödəyəcəkdir. Yaşarın idarə etdiyi avtomobil ilə Masallı rayonu, Qəriblər kəndi ərazisində yerləşən “Turist” istirahət mərkəzinə gəldik. Restoranda Asiman, Mahir və sürücü Yaşar ilə birlikdə əyləşdik. Viski ilə meyvə sifariş etdik. Sürücü Yaşar isə şokoladla çay içdi. Restoranda mahnı sədaları altında birlikdə söhbət edib dincəldik”.
Rabilin ifadəsinə görə, dekabrın 15-də, təxminən saat 00 radələrində Asiman ilə birlikdə masadan qalxıb restoranın həyətinə düşüb: “Gec olduğu üçün artıq gedəcəyimizi dedim. Yaşar və Mahir isə çayı içib aşağı düşəcəklərini bildirdilər. Restoranın həyətinə çıxdıqda Asiman anidən ünvanıma nalayiq küçə söyüşü söyərək restoranın hesabını ödəməyimi dedi. Asimana söyüş söyməməsini dedim. Hesabı özünün ödəyəcəyini Asimana dedim. Asiman isə əcəb edib söydüyünü bildirdi və yenidən ünvanıma nalayiq küçə söyüşləri dedi. Həmin vaxt tanışım Mahir restorandan çıxıb həyətə düşdü. Asimanın nalayiq küçə söyüşlərini söyməsi mənə ağır gəldi. Asimanın yaxasından tutdum. Asiman sifətimin sol tərəfinə yumruq zərbəsi atdı. Lkin üzümü çəkdiyimdən yumruq mənə dəymədi. Asimandan böyük olduğum üçün yumruq atması və söyüş söyməsi mənə bir az da əsəbləşdirdi. Asimanın yaxasından tutub söydüyü söyüşlərin özünə aid olmasını dedim. Asiman özünü o yana-bu yana dartaraq əlimdən çıxmağa çalışdı. Mahir də Asimanı məndən ayırmağa çalışdı. Asiman küçə söyüşlərinə və ifadələrinə davam etdiyindən əynimdə olan gödəkçəmin cibində işim ilə əlaqədar saxladığım bıçağı çıxarddım və Asimanın döş qəfəsi nahiyəsinə 2 dəfə bıçaqla zərbə vurdum. Mahir Asimanı məndən ayırdı. Asiman əynində olan köynəyi çıxardıb restoranın içərisinə daxil oldum. Mahir məni restoranın həyətindən çıxartdı. Asiman tanımadığım şəxsin avtomobili ilə xəstəxanaya aparıldı. Daha sonra Yaşarın idarə etdiyi avtomobil ilə Asimanın səhhəti ilə maraqlanmaqdan ötrü Masallı Rayon Mərkəzi Xəstəxanasına getdim. Orada Asimanın əməliyyat olunacağını bildim”.
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Rabil 4 il azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.(Demokrat.az)
TEMPİNFO