Jurnalist-yazar Zakir Sadatlının vəfatından 11 il ötür
- CƏMİYYƏTSON XƏBƏR
- 17.05.2024 17:44
Bu gün tanınmış yazıçı-telejurnalist, şair, ssenarist publisist Zakir Sadatlının (Zakir Əmin oğlu Aslanov) vəfatının 11-ci ildönümüdür.
Zakir Sadatlı 1961-ci il mayın 15-də qədim Həməşərinin (indiki Cəlilabad şəhəri) Sadat yurdunda (Sadatlı kəndi) dünyaya gəlsə də, əslən Yardımlı rayonunun Şiləvəngə kəndindən idi. O, dağ babalarının Şiləvəngəsindən olmasından fəxrlə, qürurla danışardı. Həmişə deyəridi ki, mənim ürəyim oralar üçün döyünür.
O, 1979-1981-ci illərdə ordu sıralarında olarkən hərbi xidməti borcunu Əfqanıstanda yerinə yetirib. 1982-1987-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsində təhsil alıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ilk illərində (1990-1993-cü illərdə) Qarabağda ön cəbhədə olub. 1993-2010-cu illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC-də “Hərbi vətənpərvərlik və salnamə” redaksiyasının redaktoru, böyük redaktoru, sonralar Azərbaycan Radiosunun “Gənclik və idman” redaksiyasında baş redaktor müavini vəzifələrində işləyib. 2010-2013-cü illərdə Azərbaycan Dövlət Radiosunda çalışıb.
2005-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 2004-cü ildən Avropa Yazıçılar Birliyinin üzvü olub.
20-dən artıq sənədli filmin, hərbi-vətənpərvərlik mövzusunda yüzlərlə filmin və radioverilişlərin ssenari müəllifi olub. Televiziyada bir sıra verilişlərin, o cümlədən “Gündoğandan-günbatana”, “Aydınlıq” lahiyələrinin rəhbəri olub.
Z.Sadatlı 1983-cü ildən ədəbi-bədii yazıları ilə respublika mətbuatında çıxış edib. İlk mətbu şeirləri -“Karvan”, “Kamillik məsafəsi”, “Dəşti” Cəlilabad rayon qəzeti “Yeni gün”də dərc olunub. Dövri mətbuatda şeir və onlarla publisitik məqalələri vaxtaşırı çap edilib.
2008-ci ildə Z.Sadatlının “Salam, baça” hekayəsi Mahmud Kaşğarinin doğumunun 1000 illiyi çərçivəsində YUNESKO-nun 24 türkdilli ölkənin yazarı arasında keçirdiyi ədəbiyyat müsabiqəsində 1574 əsər içində üç qalibdən biri olub. Əsər Azərbaycan üzrə 1-ci, Türk dünyası üzrə 3-cü yeri tutub. Bu əsər alman, ərəb, qazax, rus, tatar, türk dillərinə tərcümə edilərək nəşr edilib, Azərbaycanda isə 2012-ci ildə nəşr olunan “İraq olsun” sənədli povestinin tərkibində nəşr edilərək, oxuculara təqdim edilib.
“Əfqanıstan uçurumu” (xatirə-roman), “İraq olsun” (sənədli povest), “Salam, baça” (hekayə) və başqa dəyərli əsərləri ilə oxucuların rəğbətini qazanıb.
Zakir Sadatli Azərbaycan Xalq Cümhuriyyəti dövrünün görkəmli araçdırmaçı-tədqiqatçılarından olmaqla yanaşı, Cümhuriyyət dövrü fədailərindən bəhs edən onlarla tədqiqat-məqalənin müəllifidir.
O həm də Azərbaycan Cümhuriyyəti fədailərindən biri olan, ömür boyu mühacirətdə yaşamış Əziz Alpoudun “Həyatımın hekayətləri” adlı tarixi memuarını Türkiyə türkcəsindən Azərbaycan dilinə çevirərək çap etdirib. Bu tarixi əsər Azərbaycan və Türkiyədə böyük əks-səda doğurmuş və yenidən Türkiyə türkcəsinə çevrilərək təkrar nəşr olunub.
2013-cü ilin yanvar ayında Z.Sadatlının “Əfqanıstan uçurumu” adlı xatirə-romanı nəşr edilib. Bu əsər Azərbaycan ədəbiyyatı sahəsində ən böyük ədəbi-bədii layihə olan “Milli Kitab Mükafatı”nın qalibi olub. Belə ki, 28 avqust 2012-ci il tarixindən start götürən və 5 iyun 2013-cü ildə yekunlaşan müsabiqəyə 241 əsər daxil edilib, sonda ədəbi mükafatın qalibi Zakir Sadatlının “Əfqanıstan uçurumu” xatirə-romanı elan edilib.
Zakir Sadatlı həmçinin Xanlar Bayramovla birlikdə yazılmış “Onu Gəncə böyütmüşdür” kitabının həmmüəllifidir. Əsər görkəmli ictimi-siyasi xadim Tofiq Bağırovun həyat və ictimai-siyasi fəaliyyətindən bəhs edir.
2015-ci ildə Zakir Sadatlının şeirlərindən ibarət “Mən varam dünyada” adlı şeirlər kitabı nəşr edilib.
Əfqanıstan və Qarabağ müharibəsi veteranı olan Zakir Sadatlı Azərbaycan Yazıçılar Birliyinin və Avropa Yazıçılar Birliyinin üzvü olub. Yazarın adıçəkilən əsərləri və şeirləri respublika mətbuatında, o cümlədən “Azərbaycan”, “Ulduz”, “Füyuzat” jurnallarında, eləcə də Türkiyədə nəşr olunan “Kardeş qələmlər”, “Türk ocağı”, İraqda “Kardeşlik” dərgilərində, “Hürriyyət” qəzetində işıq üzü görüb.
Əsərləri rus, türk, ərəb, alman və tatar dillərinə tərcümə olunaraq dünyanın bir çox ölkəsində nəşr edilib.
Zakir Sadatlı 2013-cü ilin 5 fevralında 51 yaşında vəfat edib. Məzarı Cəlilalabad rayonunun Sadatlı kəndindədir.
Bir oğlu və bir qızı var.
TEMPİNFO.AZ