Kafedə zənglərinə cavab verməyən tanışını bıçaqlayan şəxsin işi Ali Məhkəmədə
- HADİSƏSON XƏBƏR
- 07.08.2024 10:52
Göyçayda xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmada ittiham olunan Əhsən Kazımovun barəsindəki qərardan kassasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Rəşad Abdulovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Xatırlatma: Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 2023-cü il, saat 19 radələrində Göyçay rayonu, İnçə kəndi ərazisində yerləşən “Şirvan” şadlıq sarayının həyətindəki adsız kafedə qeydə alınıb.
Belə ki, 1990-cı il təvəllüdlü Əhsən Kazımov spirtli içki qəbul edərkən həmin kafedə digər masa arxasında əyləşmiş həmkəndlisi və tanışı, zərərçəkmiş Cavidan Ələsgərovla mübahisə edib. Mübahisəyə səbəb isə zərərçəkmiş əvvəllər onun telefon zənglərinə və mesajlarına cavab verməməsi olub. Sonra o, kafedən götürüb meyvə doğradığı bıçaqla Cavidanın qarın nahiyəsinə qəsdən bir dəfə vuraraq, ona xəsarət yetirib.
Hadisədən sonra Əhsən Kazımov cinayət məsuliyyətinə cəlb edilib.