Kim Çen Indan nüvə müharibəsi barədə xəbərdarlıq

Kim Çen Indan nüvə müharibəsi barədə xəbərdarlıq

“KXDR ölkənin suverenliyinə qəsd ediləcəyi təqdirdə düşmənlərinə qarşı nüvə silahından tərəddüdsüz istifadə edəcək”.

TEMPİNFO-nun Koreya Mərkəzi Teleqraf Agentliyinə (KCNA) istinadla verdiyi məlumata görə, bu barədə Şimali Koreya lideri Kim Çen In bəyan edib.

Bu xəbərdarlıq Cənubi Koreya Prezidenti Yun Sok Yolun Pxenyana qarşı hədələrinə cavab olaraq səslənib.

Kim Çen In cənubi koreyalı həmkarını KXDR-in nüvə silahından istifadə cəhdlərinə qətiyyətli və dağıdıcı cavab vermək niyyəti ilə bağlı bəyanatına görə “qeyri-normal insan” adlandırıb. Şimali Koreya lideri vurğulayıb ki, nüvə dövlətinə qarşı bu cür hədələr “son dərəcə axmaqlıq və düşüncəsizlik” təzahürüdür.

Qeyd edək ki, Koreya yarımadasında gərginlik oktyabrın 1-də, Hərbi Gündə Cənubi Koreyanın yeni “Hyunmoo-5” ballistik raketini nümayiş etdirməsindən sonra kəskin şəkildə artıb.

Şimali Koreya lideri, həmçinin qeyd edib ki, bu bəyanatlar və hərəkətlər regionda təhlükəsizliyi kimin təhdid etdiyini göstərir.

“Əgər düşmən son dərəcə axmaqlıq və düşüncəsizliyə qapılaraq KXDR-in suverenliyinə təcavüz etmək üçün silahlı qüvvələrdən istifadə etməyə cəhd göstərərsə, Pxenyan tərəddüd etmədən nüvə silahı da daxil olmaqla malik olduğu bütün hücum qüvvələrindən istifadə edəcək”, – deyə Kim Çen In əlavə edib.

TEMPİNFO

  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • "Whatsapp" nömrəmiz: +994 55 553 79 37