Məhkəmədən sərt xəbərdarlıq: “Bu təkrarlansa, həbs ediləcəksən”
- SEÇİLMİŞ
- 30.09.2024 16:25
Kikboksinq Federasiyasının dələduzluqda ittiham olunan sabiq vitse-prezidenti, idmançı Səbuhi Rəcəb və kikboksinq üzrə üçqat dünya çempionu Elman Mirzəyevin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
“Qafqazinfo”nun məlumatına görə, Səbuhi Rəcəb həbsdə, Elman Mirzəyev isə sərbəst mühakimə edilir. İstintaq dövründə Elman ev dustaqlığına buraxılıb.
Müttəhim E.Mirzəyev Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasa bir neçə dəqiqə gecikib. Bu səbəbdən prosesə sədrlik edən hakim Əli Məmmədov ona xəbərdarlıq edib. Qeyd edib ki, növbəti dəfə eyni hal təkrarlansa, dərhal həbs ediləcək. Elman gecikməsinin səbəbini tıxaca bağlasa da, hakim onunla razılaşmayıb. Dünya çempionuna ardıcıl ikinci dəfə xəbərdarlıq edib.
Fotoda: Əli Məmmədov
Bundan sonra prokuror Eldar Həmzə ittiham aktını elan edib. İttihamın mahiyyəti barədə əvvəlki yazımızda məlumat vermişdik.
Amma müttəhimlər heç biri özlərini təqsirli bilməyib. Proses oktyabrın 14-ü davam edəcək.
Qeyd edək ki, S.Rəcəb bundan əvvəl 3 nəfərə qarşı dələduzluqda ittiham olunurdu. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun hökmü ilə ona 7 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib.
TEMPİNFO