Məktəblərdə özbaşınalıq: Bu şəxslər idarəçilikdən uzaqlaşdırılacaq!
- SON XƏBƏRTƏHSİL
- 25.05.2024 15:27
Məktəblərdə bəzi valideynlər sosial platformalar üzərindən, əsasən də, “WhatsApp” qrupları vasitəsilə valideyn komitələri yaradırlar. Burada dərslərin keçilməısi və şagirdlərin problemləri müzakirəyə çıxarılır.
Ancaq sirr deyil ki, həmin qruplaşmaların əksəriyyəti müxtəlif bayram və tədbirlərdə müəllimlər, məktəb rəhbərliyi üçün müxtəlif formada təşkilatçılıq edərək, pul toplayır, hədiyyə almaq üçün digər valideynləri məcbur edirlər. Analoji hallar bir neçə dəfə mediaya da yansıyıb. Valideynlərin çoxu bu kimi məsələlərdən narahatdır. Hətta kişi valideynlər də etiraz edirlər ki, bütün bunları xanımlar edir və onları idarəçilikdən uzaqlaşdırmaq lazımdır.
Səsləndirilən iddialarla bağlı sualları təhsil eksperti Elmin Nuri “Yeni Sabah”a cavablayıb:
“Bu mövzu ilə bağlı bir neçə dəfə sosial şəbəkələr üzərindən sərt çıxışlarımız olub. Həqiqətən də, ailə daxilində, yaxın ətrafımızda bizə deyilən məlumatlar bunun doğru olduğunu sübut edir. Amma mən burada heç vaxt gender məsələsini qabartmamışam. Kişi valideynlərin qadınlar haqqında bunu deməsini isə düzgün saymıram. Bunun bir reallıq olduğu doğrudur. Bu gün valideyn iclasında iştirak edənlərin 95 faizi qadınlardır. Ümumiyyətlə, uşağın məktəb həyatı ilə maraqlanan əsasən qadınlar olur. Xüsusən ibtidai siniflərdə bu 100 faizlik göstəricidir. Yuxarı siniflərdə isə həmin göstərici 90-95 faiz arasında dəyişir. Müəllimlər və digər valideynlər arasında əlaqə quran da məhz xanımlardır. Belə olduğu üçün məsələni sırf gender aspektindən dəyərləndirsək, bu doğru olmaz. Sadəcə məktəb mühitinin özündən asılı olmadan formalaşan bir proses kimi baxmaq lazımdır. Və bunu hər valideynə aid etmək düzgün deyil. Şəxsən mənim özümə dəfələrlə xanımlar müraciət edir. Onlar məktəb daxilində hegemonluq edərək, qruplaşma yaradan, hər hansısa tədbir üçün pul yığan və bunu qarşılamayan valideynlərin övladlarına qarşı təzyiq göstərən digər qadınlardan narazılıqlarını bildiriblər. Burada insan amilini daha çox ön plana çıxarmaq lazımdır. Kişi ya da qadın olmağının bir fərqi yoxdur. Belə hallara yol vermək olmaz”.
Ekspert belə komitələrə məlumatlı şəxslərin seçilməyinin zəruri olduğunu vurğulayıb:
“Təəssüflər olsun ki, “WhatsApp” qrupları bu gün valideyn komitələri və komissiyalarını qeyri-rəsmi formada əvəz edən virtual platformaya çevrilib. Bunların bir qismi yararlı olsa da, əksər qruplaşmalar üçün bunu demək olmur. “8 Mart”, “5 oktyabr”, ad günü və s. buna oxşar tarixlər olan kimi həmin valideynlər böyük bir şövqlə, həvəslə işə düşürlər. Sanki sözügedən tarixlərdə pul toplanması onlar üçün həyati bir prosesdir. Onlar özlərini xilaskar kimi təsəvvür edirlər. Amma əslində qanunsuzluqla məşğul olduqlarından və mənəvi çatışmazlığa qol qoyduqlarından bixəbərdirlər. Bəziləri var ki, prosesə qoşulmayan, pul verməyən valideynləri müəllimin rəğbətini qazanmaq üçün acılayır və özlərinə bərabər olan valideynlərlə müzakirəyə çıxarırlar. Bu isə, valideynin hüququnu pozmaq və mənəvi sərhədlərinə hücum etmək sayılır. Bunu aradan qaldırıb, normal formada valideyn komitələri yaradılmalıdır. Onların da əsas prinsipi məktəb rəhbərliyinə hüquqi və metodiki aspektdən nəzarət etmək olmalıdır. Həmin komitələrə seçilən valideynlərin hüquqi məsələlərdən məlumatı olmalıdır və rəhbər də belə şəxslərdən seçilməlidir. Qadın yaxud kişi olmasının isə heç bir fərqi yoxdur. Onu da etiraf edək ki, kişi valideynlər bu məsələdə çox da dominantlıq etmirlər. Ancaq bunun elə də bir önəmi yoxdur. Kim seçiləcəksə, mənəvi kodekslərə cavab verən, hüquqi məsələləri bilən, bu mənada problemlər aşkarlansa, ona həmin anda müdaxilə edə bilən biri olmalıdır. Əgər belə bir seçilsə, təkcə məktəb rəhbərliyində deyil, həmçinin, valideynlər arasında qanun pozuntusu aşkar edib, bu halların qarşısını almaqla, təhsilin sağlamlaşdırılmasına ciddi formada kömək edə bilərlər”.